Milli komandamızı diz çökdürən futbolçu 700 dollar maaş alırmış
07.06.2011 - 11:49
Milli komandamızı diz çökdürən futbolçu 700 dollar maaş alırmış
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində millimizlə oyunda Qazaxıstan yığmasına qələbə qazandıran Sergey Qridin uzun müddət kölgədə qalan futbolçu olub. Apasport.az saytının məlumatına görə, vətənində “Kaspi” klubunda oynayarkən, ucaboylu hücumçunun aylıq məvacibi 700, birdəfəlik transferi isə 1000 dollar təşkil edib.

Həmin klubda Sergeyin baş məşqçisi olan Baurcan Sarsekenov millimizlə Astanadakı görüşdə dubl edən futbolçuna görə sevinib: “Azərbaycanla oyunda millimizdə 3 yetirməm olsa da, rəqibə 2 qol vuran Sergey Qridinə görə daha çox sevindim. Mən onunla 2007-ci ildə “Kaspi”də işlədim. Qridin Almatı futbolunun yetirməsi olsa da, uzun müddət özünə komanda tapa bilmirdi. I liqada oynayan “Tsesna” onu icarəyə verdi. Mən onda “Kaspi”nin baş məşqçisi idim və futbolçuya bizə 1 illiyə gəlməyi təklif etdim. Sergey buna razılaşdı və tezliklə məşqçilərin diqqət mərkəzinə düşdü. Onda – 2007-ci ildə bir mövsümdə 14 qol vurdu və bunu pis göstərici saymıram. “Tsesna” hətta onun transfer hüquqlarını almağı təklif edirdi. Bizdən kiçik məbləğ xahiş edirdilər. Biz icarəsinə görə 1000 dolar verirdik. Sergeyin maaşı isə 700 dollar idi”.

Sarsekenovun fikrincə, Azərbaycanda Qridini hələ uzun müddət xatırlayacaqlar: “Azərbaycanda Qridin soyanını yaxşı xatırlayacaqlar. Hərçənd, rəqibimiz elə də güclü deyildi. Sergeyi mən işlədiyim Aktauda sevdilər, onu Krauç adlandırırdılar. Qridin çox şeyə qadirdir. Ancaq indi buna yığmalar səviyyəsində də əmin oldum”.