Məsut Özilin Bakıda başladığı uğurlu yol
07.06.2011 - 13:02
Məsut Özilin Bakıda başladığı uğurlu yol
Almaniya millisinin futbolçusu Məsut Özilin karyerasında Bakı xüsusi yer tutur. Apasport.az saytının məlumatına görə, milliyətcə türk olan 23 yaşlı yarımmüdafiəçisi Bundestimdə debütünü məhz paytaxtımızda edib.

Bu, DÇ-2010-un seçmə mərhələsində 2009-cu ilin avqustun 12-də Azərbaycan millisinə 2:0 hesabı ilə qalib gəldikləri səfər oyunu olub. Məsut bu gün çıxacağı Tofiq Bəhramov adına Respublika stadionundakı görüşdə siftə edərək, 83-cü dəqiqədə hücumçu Mario Qomesi əvəzləyib. Bununla, onun hansı yığmada oynamasına tam aydınlıq gəldi. Məsələ ondadır ki, həmin vaxt Fatih Terimin baş məşqçisi olduğu Türkiyə yığması Məsutun tarixi vətənində oynaması üçün çox çalışdı. Ancaq bir müddət götür-qoy edən Məsut sonda doğulub, boya başa çatdığı ölkəni seçdi.

Həmin 2 illə müqayisədə Özilin karyerasında çox dəyişiklik olub ki, bu, həm yığma, həm də klubla bağlıdır. Əvvəla, 2009-cu ildə “Verder”in şərəfini qoruyan istedadlı futbolçu onda Almaniya yığmasında əsas heyət oyunçusu sayılmırdı. Bu da ilk növbədə Mihael Ballakın olmağı ilə bağlıdır. Həmin vaxt Ballak Bundestimin təkcə kapitanı, lideri yox, həm də əsas oyun qurucusu idi.

Məsut “Verder”də olduğu kimi, yığmada da ilk addımlarını sol cinah yarımmüdafiəçisi kimi başlamışdı. Özil ötən yay Cənubi Afrika Respublikasında keçirilən DÇ-2010-un final mərhələsində parladı. Onda Mihaelin zədə üzündən mundialdan kənarda qalması məlum oldu və Məsutun saatı başladı. O, Bundestimdə Ballakın əvəzinə oyun qurucusu oldu və Bundestimi finala kimi daşıdı. Özil millidə ilk rəsmi qoluna da məhz DÇ-2010-da – Qana yığması ilə qrup oyununda qələbə topunu vurmaqla (1:0), imza atıb. İndi Almaniya yığmasının əsas heyətini Məsutsuz təsəvvür etmək olmur.

Özilin Bakıda oynayandan sonra – ötən il klub karyerasında da böyük irəliləyiş oldu. Belə ki, o, Joze Mourinyo Madrid “Real”ının baş məşqçi postuna keçəndən sonra ilk transferlərindən oldu. Yarımmüdafiəçi 15 milyon avroya “Verder”dən alındı. Məsut burada da dünya futbol ulduzunu kölgədə qoydu. Belə ki, Ballak kimi Kaka da zədə üzündən uzun müddət sıradan çıxdı və onu “Real”da məhz Özil əvəzlədi. Braziliyalı oyun qurucusu sağalandan sonra əsas heyətə düşə bilmədi. Madridlilər Məsutun start heyətindən çıxışdırıb çıxardığı Kakanı mövsüm bitəndən sonra transferə çıxardı.

Qeyd edək ki, Özil “Real”da debüt mövsümündə İspaniya kuboku və çempionatının gümüş medalını qazandı. O, bunadək “Verder”lə 2009-cu ildə Almaniya kuboku və Superkubokunu qazanmaqla, dubl etmişdi. Ümumiyyətlə, yarımmüdafiəçi üçün Bakıda oynadığı 2009-cu il çox uğurlu olub. Belə ki, Məsut Almaniyanın 21 yaşlılardan ibarət yığma komandasının heyətində Avropa çempionu kimi ölkəmizə gəlmişdi. O, 21 oyunda 3 qol vurduğu Bundetimlə son dünya çempionatının gümüş medalçısı oldu.

Mehman SÜLEYMANOV