“Amkar”a keçidimə qarşıdakı günlərdə aydınlıq gələcək”
07.06.2011 - 17:54
“Amkar”a keçidimə qarşıdakı günlərdə aydınlıq gələcək”
“İyunun 3-dən Rusiyanın “Amkar” klubunun düşərgəsində yer almışam. Komandanın təmsil etdiyi Permdə gündə 2 dəfə olmaqla məşqlərində iştirak edirəm”. Bu fikirləri apasport.az saytının açıqlamasında Azərbaycanın gənclər yığmasının sabiq futbolçusu Tagim Novruzov deyib.


Ötən mövsümü Salyanın “Muğan” klubunda keçirən 23 yaşlı yarımmüdafiəçi müqaviləsi bitəndən sonra özünü tarixi vətənində sınamağı qərara alıb. Belə ki, ölkəmizə Rusiyadan gələn, milliləşdirilən futbolçu Premyer Liqa təmsilçisində möhkəmlənməyə çalışır.

Rəqabətdən çəkinməyən Novruzov karyerasını qarşısına yüksək vəzifə qoyan klubda davam etdirmək istəyir: “Mən “Amkar”ın əsas komandasının hazırlığında iştirak edirəm. Baş məşqçi Rəşid Rəhimovun rəhbərliyi altında keçirilən məşqlərə qatılmışam. O, məni baxışdan keçirir. Azərbaycanda mövsüm yeni bitəndən sonra ağır məşqlərdə özümü yaxşı tərəfdən göstərib, baş məşqçinin etimadını qazanmağa çalışıram. “Amkar”a keçidimə hələ aydınlıq gəlməyib. Klubla müqavilə bağlayıb-bağlamayacağım qarşıdakı günlərdə bilinəcək”.

Tagimin gənc, sərbəst futbolçu, Rusiya pasportuna malik olması da “Amkar”ın maraqlarına uyğun gəlir. Milli komandalarının oyunları ilə əlaqədar çempionatda yaranan fasilədən istifadə edən Rəhimov futbolçumuzu baxışdan keçirərək, yaxın gündə qərarını verəcək. Əgər keçid baş tutarsa, Rusiya Premyer Liqasında yenidən təmsilçimiz olacaq.

Milli komandamızın futbolçusu Mahir Şükürovun “Anji”dən “Qəbələ”yə keçidindən sonra cari mövsümdə Rusiyada oynayan futbolçumuz yoxdur. Novruzov ”Amkar”a transferi reallaşmazsa, Azərbaycanda olan variantlarını nəzərdən keçirəcək.

Qeyd edək ki, Tagim ölkəmizdə “Muğan”a qədər “Şahdağ”, “Turan”, “Simurq”, MOİK, “Qarabağ”da oynayıb, sonuncuların heyətində 2009-cu ildə Azərbaycan kubokunun qalibi olub.

Mahaçqalada anadan olan futbolçu 2007-ci Azərbaycan vətəndaşlığını qəbul edərək, 17 və 19 yaşlılardan ibarət yığmalarımızda da oynayıb.

Mehman SÜLEYMANOV