Manuel Noyer: Fikrimcə, komandanız uduzsa belə, pis təsir bağışlamadı
07.06.2011 - 23:11
Manuel Noyer: Fikrimcə, komandanız uduzsa belə, pis təsir bağışlamadı
“Hesab edirəm ki, stadiona toplaşan azarkeşlər baxımlı oyun izlədilər”. Bu sözləri apasport.az saytına açıqlamasında Almaniya millisinin qapıçısı Manuel Noyer deyib.

Yığmamız Avropa çempionatının seçmə qrup mərhələsində keçirdiyi növbəti matçında da məğlubiyyətlə üzləşdi. 4 gün öncə Astanada Qazaxıstana yenilən (1:2) komandamız cari ildə Bakıda keçirdiyi ilk rəsmi matçında Bundestimə uduzdu.

Millimizin 1:3 hesabı ilə uduzmasına baxmayaraq, almaniyalı qapıçı Azərbaycan yığmasının yaxşı qol şansları olduğunu bildirib: “İlk yarıda 8 nömrəli (Aleksandr Çertoqanov –red) futbolçunuzun zərbəsi dəqiq olsaydı, hesab açılardı. Həmin an topa gecikmişdim. Bundan az sonra digər futbolçunuz da uzaq məsafədən yaxşı zərbə endirdi. Fikrimcə, komandanız uduzsa belə, pis təsir bağışlamadı”.