“Qalatasaray” “Atletiko”nun futbolçusuna rəsmi təklif göndərdi
13.06.2011 - 09:35
“Qalatasaray” “Atletiko”nun futbolçusuna rəsmi təklif göndərdi
“Qalatasaray”ın transfer etməyə hazırlaşdığı daha bir futbolçunun adı məlum olub. Apasport.az saytının məlumatına görə, baş məşqçi postuna Fatih Terimi qaytardıqdan sonra “Trabzonspor”dan müdafiəçi Ceyhun Gülsəlamla yarımmüdafiəçi Səlcuk İnanı, “Bolton”dan isveçli hücumçu Yohan Elmanderi heyətinə cəlb edən “Cim Bom” bu dəfə Madrid “Atletiko”nun orta sahə oyunçusu Xose Antonio Reyesə gözünü dikib.

Artıq İspaniya millisinin sabiq futbolçusunun keçidi ilə bağlı ilk addım atılıb. Belə ki, İspaniya paytaxtına gedən “Qalatarasay”ın rəsmisi Əli Gürsoy bu gün “Atletiko”ya rəsmi təklif göndərib.

Terimin sərəncamında görmək istədiyi Reyes bir vaxtlar İspaniyanın ən perspektivli futbolçularından sayılırdı. Futbolda ilk addımlarını atan Xose sonradan “Arsenal”, “Real” kimi nəhəng klublarda oynayıb. “Atletiko”ya gələnə kimi “Benfika”da da forma geyən 28 yaşlı solaxay cinah yarımmüdafiəçisi hazırkı komandasında əsas heyətin dəyişilməz üzvü sayılır.

Reyes ötən İspaniya çempionatında 34 görüşdə start heyətində meydana çıxıb, 6 qol vurub, 7 sarı, 1 qırmızı vərəqə alıb.