“Bəxtimizin gətirib-gətirmədiyini iyulun 7-də biləcəyik”
21.06.2011 - 08:32
“Bəxtimizin gətirib-gətirmədiyini iyulun 7-də biləcəyik”
“Püşkdən əvvəl kimə düşəcəyimizlə bağlı götür-qoy edirdik. Heç kimə də üstünlük vermirdik. Sadəcə olaraq uzaq ölkələrə getmək istəmirdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Belarusun “Minsk” klubunun baş məşqçisi Vitali Tarakanov deyib.

Avroliqanın I təsnifat mərhələsində Bakının AZAL klubu ilə görüşəcək minsklilərin çalışdırıcısı püşkə münasibət bildirib: “Çempionatda oyun qrafikimiz çox sıxdır. Ehtiyat oyunçular skamyamız isə qısadır. Uzun məsafəyə uçuşlar yorucu olur və güc alır. İndi Azərbaycandan rəqib düşübsə bunu olduğu kimi qəbul edirik. Bakı “Olimpik”i haqda çox az bilirik, indi-indi məlumat toplamağa başlamışıq. Şansları 50-nin 50-yə dəyərləndirirəm. İyulun 7-də püşkdə bəxtimizin gətirib-gətirmədiyini biləcəyik. Təbii ki, tanımadığımız komanda ilə ilk görüşü səfərdə keçirmək yaxşı olardı. Kəşfiyyat üçün bu yaxşı olardı. Lakin püşkə əsasən qismətimizdə Avroliqadakı debütü evdə etmək var. Biz də ilk matçda 2 vəzifənin öhdəsindən gəlməliyik: həm rəqiblə tanış olmalı, həm də nəticə qazanmalıyıq”.