“Amit Quluzadə oynaya biləcəyi Türkiyə klubuna gedir”
23.06.2011 - 13:03
“Amit Quluzadə oynaya biləcəyi Türkiyə klubuna gedir”
“Futbolçumuz Amit Quluzadə bizimlə birgə Bakıya qayıtmadı. O, İstanbulda komandadan ayrılaraq, təklif aldığı “Erciyyespor” klubunun düşərgəsinə yollandı”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib. “Neftçi”nin yetirməsi olan gənc futbolçusu Amit Quluzadə karyerasını Türkiyədə davam etdirmək imkanı qazanıb. Belə ki, Bank Asiya I divizion təmsilçisi “Erciyyespor” klubundan birbaşa müqavilə bağlamaq təklifi alan 19 yaşlı yarımmüdafiəçi danışıqların müsbət yekunlaşmasını gözləyir.

Əsədovun sözlərinə görə, əziyyət çəkib, yetişdirdikləri gənc, perspektivli yerli futbolçuların xaricdə ehtiyatda qalmasını istəmirlər: “Amit bizə dedi ki, Türkiyə klubundan belə bir təklif gəlib və orada oynamaq istəyir. Biz də bunu müsbət qarşıladıq. Hazırda transferlə bağlı danışıqlar gedir. Bunun nəticəsinin necə olacağını artıq klub rəhbərliyi müəyyənləşdirəcək. “Neftçi” gənc futbolçularla bağlı siyasətini açıqlayıb. Mən bir baş məşqçi kimi yetirmələrimizin xarici klublarda oynamasını istərdim. Bu, onlar üçün yaxşı bir şansdır, təcrübələrini artırılar. Ölkə kənarından futbolçumuza maraq olması yaxşı haldır. Ancaq klubumuzu öz mövqeyi var və futbolçularımızın xaricdə oynamasında maraqlıyıq. Bütün bunlar rəhbərlik səviyyəsində danışıqlarda müzakirə olunduqdan sonra transferin reallaşmasına aydınlıq gələcək”.

Quluzadə bu il artıq 2-ci dəfədir Türkiyə klubundan təklif alır. Belə ki, milli komandamıza cəlb olunan gənc futbolçu qışda da qardaş ölkədə təlim-məşq toplanışında olduğu zamanı “Fənərbaxça”nın düşərgəsinə yollanaraq, keçidi reallaşırdı. Ancaq Amit sonda şərtlərlə razılaşmayaraq, müqavilə imzalamaqdan imtina etdi və “Neftçi”yə qayıtmağı üstün tutdu. Növbəti təklifi ciddi götür-qoy etməyi məsləhət bilən Əsədov yetirməsinin “Erciyyəspor”da oynayacağına inanır: “Futbolçumuzun qışda “Fənərbaxça”ya keçidi ilə bağlı əlinə şans düşməsini anlayışla qarşıladıq və gedişinə imkan yaratdıq. Ancaq onun belə güclü komandanın əsas heyətində oynamağı real görünmürdü. Biz də bilirik ki, “Fənərbaxça” qarşısına böyük hədəflər qoyan komandadır. Necə ki, keçən mövsüm biz gənc futbolçuları yavaş-yavaş oynatmaqla, qazanırdıq. Onlar da birdən-birə gənc futbolçuya əsas heyətdə şans verəcəkləri yox, ilk vaxtlar əvəzedicilərdə oynadacağı daha real görünürdü. Bu, Amitə sərf etmədi. İndi Quluzadə elə bir komandaya gedir ki, orada oynaya bilər. “Erciyyəspor” növbəti mövsümdə iddialı olaraq, Superliqaya çıxmağa çalışacaq. Əgər futbolçumuz Türkiyədə oynamaq istəyirsə, məsuliyyəti dərk eləməlidir. Yəni bir dəfə ora gedib, tezliklə geri qayıdası olub. İkinci dəfə belə aqibətlə üzləşmək özünə də pis təsir edə, kluba da sərf etməz. Quluzadə bir peşəkar futbolçu kimi bütün bunları dərk eləməlidir”.

Mehman SÜLEYMANOV