Araz Abdullayev avrokuboklarda oynamayacaq
23.06.2011 - 14:20
Araz Abdullayev avrokuboklarda oynamayacaq
“Neftçi” klubu Azərbaycanı təmsil edəcəyi Çempionlar Liqasında (ÇL) gənc futbolçusu Araz Abdullayevin xidmətindən istifadə etməyəcək. Bu haqda apasport.az saytına klubun baş məşqçisi Arif Əsədov məlumat verib. Gənc çalışdırıcı müqavilə ilə İngiltərənin “Everton” klubuna məxsus olan 19 yaşlı yarımmüdafiəçini nəinki ÇL-in II təsnifat mərhələsində Zaqreb “Dinamo”su ilə oyunlara, ümumiyyətlə, turnir üçün sifariş etməyəcəklərini bildirib: “Araz Türkiyənin İsparta şəhərindəki təlim-məşq toplanışında iştirak edərək, bizimlə vətənə qayıtdı. Onun İngiltərəyə növbəti səfəri ilə artıq bağlı klubumuza faks gəlib. Rəsmi məktubda tarixlər göstərilib. Buna əsasən Abdullayev iyulun 5-6-da “Everton”un düşərgəsinə yollanmalıdır. Arazı ölkədən kənardakı 2-ci təlim-məşq toplanışımıza da aparacağıq. Onun Avstriyada bir müddət bizimlə olub, formasını bərpa etməsinə yardımçı olacağıq. Bundan sonra Abdullayevi İngiltərəyə yola salacağıq. Transfer hüquqlarının məxsus olduğu “Everton” onu sərəncamında görmək istədiyindən, avrokuboklarda xidmətindən edə bilməyəcəyik. Bu üzdən Arazın adını UEFA-ya göndərəcəyimiz iştirak ərizəsinə daxil etməyəcəyik”.

Qeyd edək ki, avrokuboklara vəsiqə qazanmayan “Everton” ötən qış transfer etdiyi Arazı mövsümün 2-ci yarısında “Neftçi”yə icarəyə verdi.

Mehman SÜLEYMANOV