“Makkabi”ni yenə cəzalandıra bilərik”
23.06.2011 - 16:01
“Makkabi”ni yenə cəzalandıra bilərik”
“Komandamızın Avstriyadakı təlim-məşq toplanışına bu gün yollanıram. Vizaların verilməsində yubanma olduğundan, səfərə daha tez çıxa bilmədim. Millinin üzvləri olan komanda yoldaşlarımız Kamran Ağayev, Elnur Allahverdiyev, Elnur Abdullayevə uzun müddətli Şengen vizaları açıldığından, bizim kimi gözləməli olmadılar”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun futbolçusu Alim Qurbanov deyib. Lənkəran təmsilçisi ölkəmizi təmsil edəcəyi Avroliqaya hazırlığa artıq başlayıb və bu gün Alim də daxil olmaqla bəzi futbolçular Avstriyaya yollanacaq. Komandasının hazırlığına qatılmasını səbirsizliklə gözləyən 34 yaşlı yarımmüdafiəçi püşkə görə Təl-Əvivin “Makkabi” klubu ilə düşmələrinə görə üzülmür: “Mən deməzdim ki, bəxtimiz gətirmədi. Bu, qismətdir. “Makkabi” düşübsə, onunla oynamalıyıq. Əslində rəqibimizin güclü olmağı yaxşı oldu. Çünki “Xəzər Lənkəran” güclü komandalara qarşı yaxşı oyun göstərir. Bunu elə Zaqreb “Dinamo”su ilə Çempionlar Liqası oyunlarında göstərmişdik. Ancaq avrokuboklarda digər rəqiblərimiz olan Moldovanın “Nistru” və “Olimpiya” klubları zəif olsa da, onları keçə bilmədik. Əlbəttə, Avroliqada yaxşı çıxış etmək üçün heyətimiz güclənməlidir və rəhbərlik bunun üzərində çalışır. Bildiyimə görə, yaxşı futbolçular alırlar”.

Qurbanov üçün İsrail futbolu yaxşı tanışdır. Axı o, hələ 12 il öncə Ağdamın “Qarabağ” klubunda oynadığı zamanı avrokuboklarda “Makkabi” ilə görüşüb. Fərq ondadır ki, İntertoto kubokundakı həmin komanda Təl-Əvivi yox, Hayfa şəhərini təmsil edib. Hər halda, Alimin komandası “Makkabi”ni keçmiş və bu, avrokuboklarda ilk dəfə mərhələ keçmək kimi futbol tariximizə qızıl hərflərlə düşmüşdü: “Əlbəttə, “Makkabi” ilə həmin oyunları xoş xatirə kimi yada salıram. Onda israillilər komandamızın zəif olduğunu düşünərək, bizə yuxarıdan aşağı baxdılar. Ona görə də evdəki oyunda 2-ci heyəti buraxdılar və bunun acısını çəkdilər. Biz də onlara gücümüzü göstərdik. “Qarabağ”ın səfərdə 2:1 hesablı qələbəsindən sonra “Makkabi” Bakıda əsas futbolçularını meydana buraxdı. Nəticədə rəqib 1:0 hesabı ilə qalib gəlsə də, rəqib meydanında daha çox qol vurduğumuzdan, biz növbəti mərhələyə keçdik. İsraillilərin hücum futboluna üstünlük verdiyini deyə bilərəm. Eşitdiyimə görə, indiki rəqibimiz Azərbaycan futbolunu elə də tanımadıqlarını bildirirlər. Yəqin ki, bu dəfə də evdə zəif futbolçularını buraxıb, asan qələbə qazanacaqlarını düşünürlər. İnşallah, “Makkabi”ni yenə cəzalandıra bilərik. Üstəlik, UEFA ilk oyunun yerini dəyişdirdi və iyulun 14-də səfərdə oynamağımız yaxşı oldu. Kubokda cavab görüşünü evdə keçirmək üstünlük olduğundan, bu dəyişiklik bizə sərf edir”.

Alim Çempionlar Liqasında budəfəki təmsilçimiz, prinsipləri rəqibləri olan “Neftçi”nin vaxtilə görüşdükləri Zaqreb “Dinamo”su ilə çətin sınaqdan üzüağ çıxacağına inanır. O, təkcə öz komandasından yox, avrokuboklarda bütün iştirakçılarımızdan uğurlu çıxış gözləyir: “Dinamo” bizimlə oynadığı vaxtı, 2007-ci ildə çox güclü idi. “Neftçi” də yaxşı komandadır, uğurlu çıxışına inanıram. “Qarabağ”la AZAL-ın mərhələ keçmək şansı daha çoxdur. Onların rəqibləri biz və “Neftçi”dən zəifdir. Artıq avrokuboklarda qrup mərhələsinə düşməyin vaxtıdır. İnanıram ki, avrokuboklardakı təmsilçilərimizin hamısı ölkəmizi layiqincə təmsil edəcək. Daha çox xal yığıb, daha çox irəli gedib, ölkəmizin UEFA-dakı reytinqini artırmalıyıq”.

Qeyd edək ki, Alim “Xəəzr Lənkəran” yaranandan, 2004-cü ilin iyulundan onun şərəfini qoruyan yeganə futbolçudur və klubun tarixində ən çox oyun keçirib.

Mehman SÜLEYMANOV