Türkiyəli mütəxəssis “Bakı”nın futbolçularından test götürür
23.06.2011 - 17:05
Türkiyəli mütəxəssis “Bakı”nın futbolçularından test götürür
“Bakı” klubunun yeniyetmə və gənc futbolçuları bu gündən etibarən testdən keçirilir. Apasport.az saytının klubun rəsmi saytına istinadən məlumatına görə, 3 gün ərzində keçiriləcək testlərin yoyo, dayanıqlılıq və qan üzrə olması nəzərdə tutulub. Aparılan test çalışmaları 1994, 1995, 1996 il təvəllüdlü futbolçular və əvəzedici heyətin üzvlərini əhatə edir. Seçim əsasında bəzi futbolçular əlavə olaraq tullanma və sürət testlərindən keçiriləcək. Testlərin yekun nəticələri bu ayın sonunda məlum olacaq.
“Bakı”nın təlim-məşq kompleksində reallaşdırılan test analizləri İzmirin Ege Universitetindən dəvət edilmiş mütəxəssis, doktor Faruk Turqay tərəfindən götürülür. Prosesə nəzarət edən türkiyəli testlər haqda fikirlərini söyləyib: “Biz bu testin nəticələrinə əsasən hər bir yeniyetmə futbolçunun orqanizminə uyğun məşq norması təyin edəcəyik. Bununla da futbolçular əlavə yüklənmədən xilas olacaq, əzələ yüklənmələri və müxtəlif fəsadlarla nəticələnən məşq zədələri minimuma enəcək. Bundan sonra normativ testlər dünyada qəbul olunan ortaq normalarla müqayisə ediləcək. Beləliklə, futbolçuların məşq planında ümumi normaya uyğunlaşdırılma yönündə dəyişikliklər ediləcək”.

Qeyd edək ki, Azərbaycanda ilk dəfə analoji testlər ötən ilin avqustunda “Bakı”nın 14 yaşlıları və əvəzedicilərdən götürülüb.