Arif Əsədov: Qoy, bu, sirr olaraq qalsın
23.06.2011 - 18:09
Arif Əsədov: Qoy, bu, sirr olaraq qalsın
Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Neftçi” klubunun baş məşqçisi Arif Əsədovun apasport.az saytına müsahibəsi

Çempionlar Liqasında Zaqreb “Dinamo”su ilə oyuna ilə hazırlığın ilk mərhələsini başa vurdunuz. Türkiyənin İsparta şəhərində keçirilən təlim-məşq toplanışını necə dəyərləndirərdiniz?
- Hazırlıqdan razı qaldıq. Toplanış planlaşdırdığımız kimi yaxşı keçdi. İspartanı seçməyimiz səbəbsiz deyildi. Çünki ora dağlıq ərazidir və biz hazırlığın ilk mərhələsində fiziki hazırlığa, gücün, dözümlüyün artırılması üzərində çalışacaqdıq. İsparta dəniz səviyyəsində hündürdə yerləşir və futbolçularımızın belə yüksəklikdə, hava şəraitində hazırlığa öyrəşmələri vacib idi. Onlar çətinliklərə dözdülər və məşqlərdə verilən tapşırıqları yerinə yetirdilər. Sevindirici haldır ki, fiziki çalışmaları zədəsiz başa vurduq. Bu, çox vacibdir. Bildiyiniz kimi, təlim-məşq toplanışını Zaporojyenin “Metallurq” klubuna 3:0 hesabı ilə qalib gəldiyimiz yoxlama oyunla bitirdik. Hər hissədə fərqli heyət buraxdım, bütün futbolçulara şans verdim. Komandamızın göstərdiyi oyundan razı qaldım. Düzdür, 100 də olmasa, planlaşdırdığımızın hardasa 60 faiz aldıq. Hazırlığa yeni başlamağımızı nəzərə almaq lazımdır.

- Komandanızın Avstriyadakı təlim-məşq toplanışı iyulun 26-dan iyulun 6-na kimi planlaşdırılırdı. Ancaq dəyişiklik edərək, 2-ci hazırlığa 4 gün gec yollanacaqsınız...
- Doğrudur. Çempionlar Liqasındakı rəqibimizi Türkiyə toplanışında bildikdən sonra hazırlıq planında dəyişiklik etməli olduq. Çünki püşkə görə ilk oyunu səfərdə keçirməli olacağıq və Xorvatiyaya birbaşa Avstriyadan gedəcəyik. Buna görə də növbəti toplanışa iyunun 30-da yollanmağı daha məqsədəuyğun saydıq. Orada iyulun 11-ə kimi hazırlıq keçib, “Dinamo” ilə oyuna 2 gün qalmış Zaqrebə yollanacağıq. Avstriyada bir neçə yoxlama oyunu keçirəcəyik. Əvvəlki oyun planında dəyişiklik oldu.

- Bunlar hansıdır?
- Çexiyanın “Viktoriya” klubu ilə oyunumuz qüvvədə qalır. Bu, iyulun 5-da olmalıdır. Ancaq Ukraynanın “Karpatı” klubu ilə görüşümüz baş tutmayacaq. Onlarla ilkin olaraq iyunun 28-də oynamaq danışılmışdı. Avstriyaya səfər tarixində dəyişiklik olduğundan, planlar uyğun gəlmədi. 3 yoxlama oyunu keçirməyi planlaşdırmışıq. Tarixlər iyulun 1-i, 3-ü, 5 nəzərdə tutulub. Əslində “Viktoriya” ilə 6-da oynamaq istəyirdik. Ancaq çexlər iyulun 5-ni dedilər və 6-a komanda olmadığından, razılaşmalı olduq. Qalan günlərə rəqib tapmaqla bağlı danışıqlar gedir. Bir neçə variantlar var və onların üzərində iş gedir.

- Maraqlıdır ki, artıq Avstriyada olan Rumıniyanın “Universtatya” klubu iyulun 5-də “Neftçi” ilə yoxlama oyunu keçirəcəyini açıqlayıb. Ancaq dediklərinizdən məlum olur ki, həmin tarixdə onlarla yox, çexlərlə oynayacağıq...
- Rumınlar bizimlə oynamaq istəyirdi. Ancaq biz variantı dəyərləndirməyi lazım bilmədik. Çünki Rumıniya klubları ilə oynamaq istəmədik. Onlarla oynamağın acı aqibətini ötən ilki toplanışda gördük. Rumınlar çox kobud oynayırlar, futbolçulara xəsarət yetirirlər. Təbii ki, Çempionlar Liqasında “Dinamo” ilə məsul oyun öncəsi futbolçularımızın zədə alması arzuolunmazdır. Bütün bunları nəzərə alaraq, rumınlarla görüşməyə razı olmadıq.

- “Neftçi”nin Avstriyada mini-turnirdə çıxış edəcəyi deyilirdi. Deməli, bu variant baş tutmayacaq...
- Biz münasib vaxtda mini-turnirdə iştirak etmək istərdik. Ancaq oyunların hazırlıq planlarına, tarixlərinə uyğun gəlməsi lazımdır. Püşkdən sonra münasib rəqiblə oynamağa çalışacağıq.

- “Dinamo” haqda hansı məlumatlar, oyunlarının kaseti, diskini əldə edə bilmisiniz?
- Köməkçim Mehmet Ak bununla məşğul olur. Ona bunu tapşırmışıq və Türkiyədə bunu əldə etməyə çalışır. Müxtəlif variantlar var. Rəqib haqda müəyyən məlumatlar öyrənmişik. Bilirik ki, Sloveniyaya təlim-məşq toplanışına yollanırlar. Orada keçirəcəkləri yoxlama oyunlarını izləməyi planlaşdırmışıq. Bununla əlaqədar danışıqlar aparan nümayəndələrimiz var. Oyunları baş məşqçi kimi özüm izləmək istəyirəm. Biri var kimsə desin, biri də var özün baxasan. Sloveniya Avstriya ilə yaxındır və təlim-məşq toplanışından olduğumuz zamanı ora gedib, “Dinamo”nun oyununa baxa bilərəm.

- Yeni transfer edəcəyiniz gözlənilsə də, bu, hələ baş vermir. Orta sahəyə almağı planlaşdırdığınız braziliyalı transfer “Dinamo” ilə oyuna kimi reallaşacaq?
- “Neftçi”nin legioner transferində tutduğu yolu demişik. Yəni biz heyətimizə səviyyəli legioner cəlb etmək istədiyimizdən, transfer məsələsinə xüsusi diqqət yetiririk. 2 variant var və onun üzərində işləyirik. Nümayəndələrimiz Braziliyaya yollanmışdı, danışıqlar aparılıb. Sadəcə, bəzi problemlər ortaya çıxıb. Maraqlandığımız futbolçu razı olsa da, onun klubu ilə müqaviləsi var.

- Bu, Stefani adlanan futbolçudur?
- Futbolçunun adını çəkməyək. Qoy, bu, sirr olaraq qalsın. Onsuz da hələlik transferi alınmayıb.

- Türkiyədən qayıtdığınız zamanı tanınmış belaruslu futbolçu Aleksandr Qleblə maraqlanmağınız haqda xəbərlər yayıldı. Ancaq gəlin razılaşaq ki, “Barselona” klubunun futbolçusunun karyerasını ölkəmizdə davam etdirməsi real deyil. Üstəlik, bildiyimizə görə, ötən mövsümün sonunda meniskdən cərrahiyyə əməliyyatı olunan Qleb avqustun sonunda yaşıl meydana qayıdacaq...
- Qlebin keçidi ilə bağlı söhbət getməyib. Mən bundan mətbuatdan xəbər tutdum. Bunu kim deyib, onu bilmirəm.

- Hər halda, Qleblə maraqlansaydınız, danışıqlar olsaydı, bunu gizlətməzdiniz...
- Əlbəttə. Belə variant olsaydı, bunu deyərdim. Ancaq Qlebin transferi, icarəyə götürülməsi ilə bağlı danışıq olmayıb.

- “Dinamo” ilə oyunlarda qapıçıdan çox şey asılıdır. Bu mənada hələlik yeganə yeni transferiniz, xorvatları yaxşı tanıyan serbiyalı qapıçı Saşa Stamenkoviç ümidləri doğruldurmu?
- “Metallurq”la oyunda hər 2 qapıçımıza - həm Saşaya, həm də Rauf Mehdiyevə şans verdim. Hər ikisinin oyunundan razı qaldım. Düzdür, Stamenkoviçin oyunun gedişində işi çox olmadı. Deməzdim ki, çox epizodlarda bizi qoldan xilas etdi. Ancaq təcrübəsi böyükdür və “çərçivə”də inamlı təsir bağışladı. Hər halda, “Srvena Zvezda” kimi komandanın qapıçısı olub və səviyyəli legionerdir. Qapıçılarla işləyən serbiyalı məşqçimiz Neboyşa Manoyloviç onu hələ komandamıza transfer olunmasına qədər izləmişdi. Saşa hazırlıqda, oyunda öz üzərinə düşən vəzifəni yaxşı yerinə yetirirdi.

- Ötən mövsüm bombardiriniz olan Bahodir Nasimov debüt mövsümündə ümidləri doğrultsa da, bu il hələ ki qol vura bilməyib. Özbək hücumçu hətta “Metallurq”la yoxlama oyununda da fərqlənə bilmədi. “Dinamo” ilə oyunlarda əsas qol ümidimiz olan Nasimov bu susqunluğu poza biləcəkmi?
- Bildiyiniz kimi, onu “Rubin” klubundan icarəyə götürmüşdük və sonradan birdəfəlik transfer etdik. Ümumiyyətlə, bir neçə futbolçumuzun müqavilə məsələlərini həll etmişik. Bahodir məşqlərdə çox çalışır. O, çox çalışqan futbolçudur. “Metallurq”la oyunda da bir neçə imkanı olsa da, qol vura bilmədi. Rəqib qapıçı komandasını qoldan xilas etdi. Nasimovla söhbətlərimiz olub, ona inam var. Əsas odur ki, Nasimov oyunda qol epizodları yaradır. Bu, olmasaydı, fərqli düşünmək olardı. Sadəcə, ona özünəinamı qaytarmaq üçün qol vurmaq, bunun üçünsə son nöqtəni dəqiq qoymaq lazımdır. O, hər zamanı rəqib müdafiəçiləri gərginlikdə saxlayır. İnanırıq ki, Bahodir bir hücumçu kimi üzərinə düşən vəzifəni yerinə yetirəcək və yenə öz qolları ilə bizləri sevindirəcək.

- Hələ Türkiyəyə yollanmamışdan öncə Avstriyaya təlim-məşq optimal heyətlə gedəcəyinizi demişdiniz. Bu mənada heyətdə bəzi dəyişiklər, misal üçün Elmar Baxşıyev kimi daha çox ehtiyatda qalan futbolçularla yollarınızı ayırmağınız mümkündür?
- Elmar müqavilə ilə bizim futbolçudur. Onu Türkiyədə olduğu kimi, Avstriyaya da aparmağı nəzərdə tutmuşuq. Biz futbolçularımıza hər birinə şans veriləcəyini, əsas heyətə düşmək uğrunda rəqabət haqda demişik. Kim bu rəqabətə hazırdırsa, bizim sıralarımızda olacaq. Onu da demişik ki, kim rəqabətdən çəkinirsə, ona başqa komandaya keçməyə imkan yarada bilərik. Mövsümlərarası fasilədə çox transferimiz olmayıb, ehtiyat oyunçular skamyamız uzun deyil. Bu üzdən Elmar, yaxud digər az oynayan hansısa futbolçu ilə yollarımızı ayırmaq fikrimiz yoxdur.

Mehman SÜLEYMANOV