Vaqif Cavadovun komandası səfərdə başlayıb, səfərdə bitirəcək
24.06.2011 - 10:50
Vaqif Cavadovun komandası səfərdə başlayıb, səfərdə bitirəcək
Hollandiya çempionatının yüksək liqasının püşkü atılıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadovun müqavilə ilə məxsus olduğu “Tvente” klubu növbəti mövsümə səfərdə başlayacaq. Enshede təmsilçisi avqustun 7-də “Breda” klubunun qonağı olacaq. Cavadovun komandası 34 turluq mübarizəyə gələn ilin mayın 7-də “Venlo” ilə səfər oyunu yekun vuracaq.

Göründüyü kimi, “Tvente” çempionatı rəqib meydanında başlayıb, orada da bitirəcək. İlk dövrə dekabrın 18-də yekunlaşacaq və Enshede klubu 17-ci turda da səfərdə oynayaraq, bu dəfə “Feyenoord”un qonağı olacaq. Hollandiyada dövrlərarası fasilə cəmi 34 gün çəkəcək.

Qeyd edək ki, Vaqif “Bakı” ilə icarə müqaviləsi bitəndən sonra “Tvente”nin düşərgəsinə qayıdıb. Ötən mövsüm Hollandiyanın vitse-çempionu olan komanda 22 yaşlı hücumçumuzu sınayaraq, yaxın günlərdə taleyinə aydınlıq gətirəcək.