Rumıniya çempionu “Xəzər Lənkəran”da
24.06.2011 - 13:36
Rumıniya çempionu “Xəzər Lənkəran”da
Avstriyada təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” klubunun transfer etmək istədiyi ilk legionerin adı məlum olub. Apasport.az saytının Avstriyaya ezam olunmuş əməkdaşının məlumatına görə, Rumıniyanın “Styaua” klubunun futbolçusu Marius Onofraş karyerasını Azərbaycan təmsilçisində davam etdirə bilər. 31 yaşlı sağ cinah yarımmüdafiəçisi klubun avstriyadakı düşərgəsində baxışdadır.

Əslən İaşidən olan Marius yerli “Politexnika”nın yetirməsidir. 2000-ci ildə soğma komandanı tərk edən hücuma meylli futbolçu 2004-cü ilədək “Braşov”da oynadıqdan sonra yenidən İaşi təmsilçisinə qayıdıb. 2006-10-cu illərdə “Unirea”da top qovan Onofraş 2008/09 mövsümündə Rumıniya çempionu olub. Ötən yay “Styaua”ya keçən yarımmüdafiəçi son mövsümdə 13 oyuna 2 qol vurub. Rumıniya çempionatlarında 262 oyuna 40 qol vuran futbolçu avrokuboklarda 13 matçda 1 dəfə fərqlənib. Həmin yeganə qol isə 2009/10 mövsümündə keçirilən “Unirea” – “Reyncers” matçına təsadüf edib. 88-ci dəqiqədə fərqlənən Marius şotlandiyalılarla görüşdə hesabı bərabərləşdirib.