“Rəvan” Ekrem Hodziçi də transfer edir
24.06.2011 - 14:30
“Rəvan” Ekrem Hodziçi də transfer edir
“Sabah iki tərəfli oyunumuz olacaq. “Şəfa” stadionundakı qarşılaşmadan sonra bir neçə futbolçu ilə müqavilə imzalayacağıq”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakının “Rəvan” klubunun idman direktoru Vladislav Qədirov deyib.

Yeni mövsümdən Premyer Liqada çıxış edəcək “Rəvan” heyətini gücləndirməkdə davam edir. Baş məşqçi postuna “Muğan”dakı işi ilə tanınan Bəhmən Həsənovu gətirən paytaxt təmsilçisi bununla kifayətlənmək niyyətində deyil. Salyan təmsilçisinin bir neçə futbolçusunu da heyətinə qatan “Rəvan” daha bir “Muğan”lı ilə anlaşmaq üzrədir. Söhbət Ekrem Hodziçdən gedir: “Ekrem də heyətimizə qatmaq istədiyimiz futbolçulardandır. Onunla da yaxın günlərdə müqavilə imzalayacağıq”.

“Muğan”dan Taqim Novruzovu transfer edən paytaxt klubu “Xəzər Lənkəran”dan Tural Cəlilovu icarəyə götürüb. Legioner axtarışlarını davam etdirən “Rəvan” Toni Adamsın bəyənmədiyi futbolçunu heyətinə qatmağı düşünür: “Kristian Torres də maraq dairəmizdədir. Yaxın günlərdə onunla münasibətlərimizi rəsmiləşdirəcəyik”.