“Bakı” “Ayaks”da oynayan futbolçunu transfer edir
24.06.2011 - 16:35
“Bakı” “Ayaks”da oynayan futbolçunu transfer edir
Növbəti mövsümdə qarşısına yüksək vəzifələr qoyan “Bakı” klubu gurultulu transferlə diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, “zolaqlılar” 4 tanınmış legioneri heyətinə cəlb edir. Bunlar kosta-rikalı Uinstona Parks, litvalı Deyvidas Çesnauskis və latviyalılar Denis İvanovla Maris Verpakovskisdir.

2002-ci ildə Kosta-Rika yığmasının heyətində dünya çempionatının final mərhələsində iştirak edən, Türkiyə yığmasına qol vuran Parks “Xəzər Lənkəran”da 1 il icarə əsasında oynadı. Debüt mövsümündə uğurlu çıxış edən 30 yaşlı hücumçu Lənkəran təmsilçisinin bombardiri oldu. O, çempionatımızda 8, kubokda 5 qola imza atdı. Uinston NBC Bank Azərbaycan kubokunun bombardiri kimi mükafata layiq görüldü. Ölkəmizə gələn ən səviyyəli legionerlərdən olan Parks qollardan 2-ni “Bakı”ya vurdu. Özü də bunların hər ikisi Lənkəranda oldu. Qışda “Bakı”nın sükanı arxasına keçən Aleksandr Starkov Uinstonun bir neçə oyununu izləyərək, transferində maraqlı olub. Sabah ölkəmizə gələcək Parksla müqavilə imzalanmaqla, keçidi rəsmiləşəcək.

Maris saytımıza müsahibəsində karyerasını “Bakı”da, “Skonto” və Latviya yığmasında birgə çalışdığı Aleksandr Starkovun rəhbərliyi altında davam etdirmək istədiyini bildirmişdi. Bakılılar karyerasını ölkəmizdə davam etdirməyə razılıq verən Verpakovskisi Kiyevin “Dinamo” klubundan transfer edir. Məsələ ondadır ki, 32 yaşlı hücumçu 2009-cu ilin iyulun 6-dan Yunanıstanın “Erqotelis” klubunda oynasa da, bu, icarə əsasında olub. Marisin 2003-cü ildən şərəfini qoruduğu “Dinamo” ilə hələ gələn ilin sonunda müqaviləsi var. O, arxada qalan müddətdə İspaniyanın “Xetafe” və “Selta”, Xorvatiyanın “Hayduk” klubuna da icarəyə verilib. Ölkəsində 2 il dalbadal (2003, 04-cü illərdə) ilin futbolçusu seçilən Verpakovskis Latviya və Ukraynada çempionluq, kubok qazanıb, 2004-cü ildə Avropa çempionatının finalına çıxardığı millisində 86 oyunda 29 qol vurub.

“Bakı”nın transfer etməyə hazırlaşdığı digər 2 legioner müdafiəçi ilə yarımmüdafiəçidir. İvanov Verpakovskis kimi uzun müddət Starkovun rəhbərliyi altında Latviya yığmasında oynayır (43 oyun, 2 qol). 2005-ci ildən millisinin şərəfini qoruyan, Starkovun vaxtında debüt edən Denis mərkəz müdafiəçisidir ki, “Bakı”ya bu mövqeyə futbolçu lazımdır. Karyerası daha çox ilk klubu – Liyepaya “Metallurq”una (2001-09-cu illər, 190 oyun, 9 qol) bağlı olan Denis onu tərk edəndən sonra Hollandiyanın “Ayaks” klubuna baxışa yollanıb. 2009-cu ilin iyulunda Martin Yolun çalışdırdığı Amsterdam təmsilçisinin heyətində 3 yoldaşlıq görüşü keçirən İvanova sonda komandanın adaşı olan farm-klubda oynamaq təklif edilib. Belə ki, müdafiəçi qarşı oynadığı Keyptaunun “Ayaks” klubu ilə müqavilə bağlayıb və Cənubi Afrika Respublikasında çıxış edən ilk latviyalı futbolçu kimi tarixə düşüb. Ötən yay Türkiyənin “Sivasspor” klubuna keçən İvanovun hələ müqaviləsi olduğundan, keçidini reallaşdırmaq üçün bu məsələ həll ediləcək.

“Zolaqlılar”ın maraq dairəsində düşən digər futbolçu da Baltikyanı ölkənin təmsilçisidir. Bu, 10 ildir Litva milli komandasında çıxış (37 oyun, 4 qol )yarımmüdafiəçisi Çesnauskisdir. Deyvidas əsasən cinah yarımmüdafiəçisi mövqeyində oynayır ki, “Bakı”ya məhz bu mövqeyə futbolçu lazımdır. Karyerasına vətənində, “zolaqlılar”ın Çempionlar Liqasında yendiyi “Ekranas”da (1997-2000, 66 oyun, 7 qol) başlayan litvalı ardından 4 il Rusiya Premyer Liqasında çıxış edib. Moskvanın “Dinamo” (2000-03-cü illərdə, 69 oyun, 5 qol) və “Lokomotiv” (2003-04-cü illərdə, 8 oyun) klublarında çıxış edən Deyvidas ardından Böyük Britaniyaya yollanıb. “Lokomotiv” 2005-ci ildə onu Şotlandiyanın “Harts” klubuna satıb və 4 il onun şərəfini qoruyan yarımmüdafiəçi 68 oyunda 5 qol vurub. Son 2 ili Yunanıstanda keçirən Çesnauskis “Erqotelis”lə (24 oyun, 2 qol) “Aris”də (15 oyun, 4 qol) hərəyə 1 il oynayıb. O, Verpakovskislə “Erqotelis”də komanda yoldaşı olub.

“Bakı” bu legionerləri paytaxtımıza müqavilə ilə bağlı danışıqlara dəvət edib və transferlərini gerçəkləşdirdikdən sonra onları Sloveniyaya aparacaq. Komandamız iyunun 29-dan iyulun 10-a kimi orada təlim-məşq toplanışında olacaq. “Bakı” bu ölkəyə əvəzedici komandasından cəlb etdiyi 5 yerli, gənc futbolçunu da aparacaq.

Qeyd edək ki, “Bakı”nın indiyə kimi transferləri yerli futbolçular – “Muğan”dan müdafiəçi Novruz Məmmədovla “Qarabağ”ın və millimizin yarımmüdafiəçisi Elvin Məmmədovdur. “Zolaqlılar” ötən il kapitanı kimi kuboku başı üzərində qaldıran Elvin Əliyevi qaytarmaqda maraqlıdır. Ancaq 27 yaşlı cinah müdafiəçisinin AZAL-la hələ 1 illik müqaviləsi olduğundan, qarşı tərəfin razılığı lazımdır. Ötən mövsümə “Neftçi”də başlayan, qışda hərbi xidmətlə əlaqədar MOİK-ə yollanan gənc mərkəz müdafiəçisi Tural Nərimanov da maraq dairəsindədir.

Mehman SÜLEYMANOV