“Ağ-yaşıllar” üçün nigeriyalı bombardir
24.06.2011 - 17:10
“Ağ-yaşıllar” üçün nigeriyalı bombardir
“Xəzər Lənkəran” klubunun düşərgəsinə daha bir yeni legioner gəlib. Apasport.az saytının məlumatına görə, Belçikanın “Jerminal” klubunun nigeriyalı hücumçusu Tosun Dosunmu Lənkəran təmsilçisinin Avstriyadakı təlim-məşq toplanışında baxışdadır.

Nigeriya millisində 1 oyun keçirən Tosunun karyerası daha çox Belçikaya bağlı olub. O, Vyananın “Austriya” (2004-05, 23 oyun, 4 qol) və Fransanın “Nansi” (2006-07, 11 oyun, 1 qol) klubunun da şərəfini qoruyub.

Dosunmu Belçikada daha çox formasını geydiyi “Jerminal”ın (2005-06, 2007-10, 114 oyun, 33 qol) heyətində debüt mövsümündə 18 qolla çempionatın bombardiri olub. O, 2008-ci ilin yayında İntertoto kubokunda Bakının “Neftçi” klubu ilə oyunlarda iştirak edib. Bu il Hollandiyanın II divizion təmsilçisi “Maastrit” klubuna icarəyə verən Tosun 12 oyunda 3 qol vurub.

Qeyd edək ki, “Braqa”dan gəldiyi deyilən portuqaliyalı hücumçunun kimliyi müəyyənləşib.

Bu, 31 yaşlı Joao Paulo Pinto Ribeyrodur. Əslində isə o, “Braqa”da yox, vətənində bir sıra başqa klublarda oynayıb. “Boavişta”nın yetirməsi olan Ribeyro İspaniyada “Tenerife”də çıxış edib. 2008-10-cu illərdə Buxarest “Rapid”inin şərəfini qoruyan Joao həmin komandadan Mirça Rednikə tanışdır.

Belə ki, “Xəzər Lənkəran”ın rumıniyalı çalışdırıcısı 3 il öncə “Rapid”in baş məşqçisi olub. Lənkəran təmsilçisindən gedən kosta-rikalı Uinston Parksı əvəzləyəcək Ribeyro son illərdə Kiprin “Olimpiakos” klubunda oynayıb.