Ceyhun Sultanov: “Kəpəz”lə maliyyə məsələlərində razılaşdıq
24.06.2011 - 17:32
Ceyhun Sultanov: “Kəpəz”lə maliyyə məsələlərində razılaşdıq
“Kəpəz”də qalmağa qərar verdim. Hələ müqavilə imzalamamışıq, amma şərtlərdə razılıq əldə edilib”. Bu sözləri apasport.az saytına açıqlamasında “Kəpəz”in yarımmüdafiəçisi Ceyhun Sultanov deyib.

Son mövsümü Gəncə təmsilçisinin heyətində keçirən, amma yayda müqaviləsi bitdiyi üçün özünə yeni klub axtaran yarımmüdafiəçi fikrini dəyişib. Daha doğrusu, əyalət təmsilçisi futbolçunun maliyyə ilə bağlı şərtlərini qəbul edib. Nəticədə Sultanov ötən mövsüm “Gəncə” adı ilə çıxış edən komandada qalmağa razılıq verib: “Başqa komandaya keçmək istəyirdim. Ancaq sonda razılaşdıq. Maliyyə məsələsində fikir ayrılığı yaranmışdı. Sonda ortaq məxrəcə gəldik”.

Hər kəs ad dəyişikliyindən sonra “Kəpəz”in səs-küylü transferlə edəcəyini və əvvəlki əzəmətini özünə qaytaracağını düşünsə də, Mehman Allahverdiyevin çalışdırdığı komanda sükuta qərq olub. Bununla belə, 32 yaşlı yarımmüdafiəçi komandanın qarşısına yüksək tələblər qoyulduğunu gizlətməyib: “Eşitdiyimə görə, komandanın qarşısına “ilk altılıq”a düşmək tapşırığı qoyulub. Bu, minimum tapşırıqdır. Komanda bu gün məşqlərə başlayıb. 2-3 günə mən də hazırlığa qoşulacam”.