Bosniyanın ən yaxşı müdafiəçisi AZAL-da
25.06.2011 - 16:43
Bosniyanın ən yaxşı müdafiəçisi AZAL-da
Azərbaycanı Avroliqada təmsil edən Bakının AZAL klubu transfer fəaliyyətini davam etdirir. Apasport.az saytının məlumatına görə, komandasının düşərgəsinə daha bir legioner dəvət edilib. Bu, son mövsüm “Sarayevo” klubunun heyətində Bosniya və Herseqovina çempionatının gümüş medalını qazanan serbiyalı Branislav Arseniyeviçdir. 28 yaşlı legioner sağ cinah müdafiəçisidir.

Əvvəllər ölkəsində və bir mövsüm Makedoniyada çıxış edən Branislav sonradan Bosniyanın “Slaviya” klubuna keçib və burda 3 mövsümdə 71 çempionat oyununda meydana çıxıb. O, ötən yay isə “Sarayevo”ya transfer olunub və 26 çempionat oyununda 5 qola imza atmaqla, mövsümün ən yaxşı müdafiəçisi adını qazanıb. Almaniyanın ünlü “transfermarkt.de” potalı serbiyalı müdafiəçini 400 000 avroya qiymətləndirir. Bu gündən məşqlərə qatılan Arseniyeviç danışıqlar uğurla nəticələnərsə, karyerasını məhz “təyyarəçilər”in heyətində davam etdirəcək.

Qeyd edək ki, AZAL Avroliqada Belarusun “Minsk” klubu ilə iyunun 30-da ilk oyuna kimi iştirak ərizəsinə cəmi bir futbolçunun adını daxil edə bilər.