“Timişoara” Uinston Parksla müqaviləni pozmağa razıdır
25.06.2011 - 17:43
“Timişoara” Uinston Parksla müqaviləni pozmağa razıdır
“Xəzər Lənkəran”ı “Bakı”ya dəyişən Uinston Parksla bağlı yeni fakt üzə çıxıb. Apasport.az saytının məlumatına görə, ötən mövsümü “Xəzər Lənkəran”ın heyətində keçirən kosta-rikalı hücumçunun “Bakı”ya gözlənilməz keçidi maraqlı məqamlarla müşayiət olunur.

“Zolaqlılar” əsas rəqiblərindən birinin aparıcı futbolçusunu heyətinə cəlb etmək üçün böyük xərcə düşüb. Amma Parksla bağlı məsələ tam başqadır.

Məsələ ondadır ki, Rumıniya “Timişoara”sına məxsus və ötən il icarə əsasında Lənkəranda oynayan futbolçunun klubunu dəyişməsinin səbəbi əsasən onun agentlərinin daha çox pul qazanmaq istəyidir.

Belə ki, agentlər Parksı Rumıniya klubundan birdəfəlik ayırmaq üçün 200 min avro təzminat tələb edirlər.

Halbuki “Timişoara” yüksək ödənişli futbolçunun xidmətinə ehtiyac duymadığından, onunla sonuna cəmi 6 ay qalmış müqaviləni qarşılıqlı razılıq əsasında pozmağa razıdır.

Belə olan halda, agentlər “Bakı”ya müraciət ediblər. Reallıqdan xəbəri olan “zolaqlılar” futbolçunu ələ keçirmək üçün bu məbləği ödəmək niyyətindədir. Parks qışda müqaviləsi bitərək, sərbəst futbolçu olacağından, rumınlar həmin vaxt onun transferinə görə maddi qazanc götürə bilməyəcək.