“Minsk”in kapitanı: Bakıdakı isti oynamağımıza imkan vermirdi
01.07.2011 - 13:01
“Minsk”in kapitanı: Bakıdakı isti oynamağımıza imkan vermirdi
“Xüsusilə birinci hissədə yaxşı çıxış etdik. Uşaqlar əllərindən gələni əsirgəmədilər. Amma bəzi ammillər var ki, bizim əleyhimizə idi”. Bu sözləri apasport.az saytına açıqlamasında Belarusun “Minsk” klubunun kapitanı Andrey Razin deyib.

Şüvəlanda keçirilən oyunda sərfəli nəticə qazanan Belarus təmsilçisi Minskdə cütün taleyini həll etmək niyyətindədir. Havanın isti olmasından şikayət edən Razin bu şəraitdə qazanılan nəticəni normal hesab edir: “Azarkeş amili, meydançanın süni örtüklü olması bizim əleyhimizə idi. Rəqibimiz ilk beynəlxalq oyununu keçirdiyinə görə, azarkeşlər daha emosional idi. Hava da çox isti idi. Minsk ilə bura arasında 10 dərəcə fərq var. Bakı daha isti idi. Bu da oynamağımıza imkan vermirdi”.

“Minsk” təmsilçisinin kapitanı Bakıda minimum tapşırığın öhdəsindən gəldiklərinə görə məmnunluğunu da gizlətməyib: “Əslində, qələbə qazanmaq istəyirdik. Ancaq oyun heç-heçə başa çatdı. Bununla da qarşıya qoyulan minimum tapşırığın öhdəsindən gəlmiş olduq”.

Təmsilçimiz haqda xoş sözlər söyləyən Razin “Olimpik-Şüvəlan”ın komplektləşmiş komanda olduğunu bildirib: “Rəqibimiz yaxşı komandadır. Komplektləşmiş heyəti, səviyyəli legionerləri var. Azarkeşlərin maraqlı oyun izlədiyini deyə bilərəm”.