“Yeni komandama azərbaycanlı futbolçu apara bilərəm”
01.07.2011 - 17:05
“Yeni komandama azərbaycanlı futbolçu apara bilərəm”
“Bir neçə ölkə təmsilçilərindən təklif almışdım. Ancaq onlardan biri daha cəlbedici oldu”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Turan” klubunun sabiq baş məşqçisi Naci Şensoy deyib. Müxtəlif vaxtlarda 3 dəfə Tovuz təmsilçisi baş məşqçisi təyin edilən 53 yaşlı türkiyəli mütəxəssis sonuncu dəfə ölkəmizə qışda təşrif buyurub. Yenidən “Turan”ın “sükanı arxası”na keçən və daim çılğınlığı ilə seçilən Şensoy mövsüm bitməmiş komandadan ayrılıb. Buna səbəb klub prezidenti Musa Süleymanovun müqaviləni birtərəfli qaydada pozması olub.

Bir neçə ay işsiz qalan və İstanbulda yaşayan təcrübəli mütəxəssis sabah yeni komandasının düşərgəsinə yollanacaq. Bununla da Şensoy karyerasında yeni bir səhifə açmış olacaq: “Serbiyanın BSK klubu xidmətimdə maraqlı olduğunu bildirdi və onların təklifi mənə cəlbedici gəldi. Bu komanda Belqradı təmsil edir və artıq iki mövsümdür Serbiya Superliqasında mübarizə aparır. Son iki ildə çempionatdakı yerlərini qorumağı bacarıblar. Onu da qeyd edim ki, Serbiya karyeramda məşqçi kimi çalışacağım 4-cü ölkə olacaq. Buna qədər Türkiyə, Bolqarıstan və Azərbaycan təmsilçilərini çalışdırmışam. Əslində yeni bir ölkəyə getmək məni motivasiya edir. Yeni simalarla, yeni mentalitetlərlə tanış oluram, uyğunlaşmağa çalışıram. Bu da mənim motivasiyam olur”.

Şensoy yeni komandasının qarşısına qoyulan məqsədlər haqda bunu deyib: “Gənc və perspektivli futbolçuları yetişdirib, Serbiya futboluna qazandırmağa çalışacağıq. Onlardan çernoqoliyalı Saviç var idi. Komanda ötən il onu “Partizan”a satdı. Bir il bu komandada çıxış edən çernoqoriyalını “Partizan” 10 milyon avro qarşılığında “Mançester Siti”yə satdı. Təbii ki, əvvəlki anlaşmaya əsasən bu pulun 40 faizi futbolçu yetişdirən BSK klubunun hesabına köçürülüb. Məqsəd belə futbolçular yetişdirməkdir”

Köməkçilərinə gəlincə, Şensoy serbiyalı məşqçilərlə çalışacaq: “Klubun büdcəsi imkan vermir ki, özümlə köməkçilərimi də aparım. Ona görə də oradakı məşqçilərlə çalışacağam”.

Türkiyəli mütəxəssis gələcəkdə Azərbaycandan da futbolçu apara biləcəyini istisna etmir: “Azərbaycan futbolçu apara bilərəm. Vaxtı ilə Ərtoğrul Sağlama Rəşad Sadıqovu mən məsləhət görmüşdüm. İstəyirəm ki, sizin futbolçular da özlərini Avropada sınasınlar”.