Elşən Məmmədov: Mən mətbuatın tənqidindən nəticə çıxardıram
07.07.2011 - 00:21
Elşən Məmmədov: Mən mətbuatın tənqidindən nəticə çıxardıram
Avroliqada Azərbaycanın təmsilçisi olan AZAL klubunun hücumçusu Elən Məmmədovun apasport.az saytının Minskə ezam olunmuş əməkdaşına müsahibəsi

- “Minsk”lə ilk oyundan öncə sizinlə söhbətdə artıq özünüzün avrokuboklarda qol vurmağının vaxtı çatdığını demişdiniz. Buna Şüvəlandakı görüşdə çox yaxın idiniz, 2 real qol imkanınız oldu. Bunları qaçırdığınıza görə özünüzü çox qınadınız?
- Bəli. Doğrusu, həmin oyundan sonra çox məyus oldum. Həm qol epizodlarına, həm də AZAL-ın azarkeşləri qarşısında ilk oyunumda fərqlənə bilmədiyimə görə. Onları sevindirmək və ilk qolu vurmaq istəyirdim. Həmin 2 qol epizodundan biri yüz faizli idi. İkincisini də vurmaq olardı. Zohair sol cinahdan ötürməsi zamanı topa ayağımı qoysam da, qapıya düşmədim. Ancaq neyləmək olar, bu, futboldur. Mətbuatda məni bir az çox qınadılar ki, buna görə üzüldüm. Açığı, oyundan sonra ümumiyyətlə, dilxor oldum, 1-2 gün həqiqətən özümə gəlmədim. Çünki önəmli qol imkanları vardı.

- Həmin epizodlarda qol vurmamaq daha çətin idi, nəinki qol vurmaq...
- Ay sağ ol. Karyeramda belə önəmli yerlərdən qol qaçırmağım yadıma düşmür.

- Sizə yönələn tənqidləri haqlı saymırsınız?
- Sayıram. Ancaq biri var qol epizodlarını vurmamaqla bağlı tənqidlər, biri də var ümumi karyeranla, AZAL-a layiq olmayan futbolçu olmaqla bağlı. Mən bununla razı deyiləm. Futbolçuya 40 dəqiqə göstərdiyi oyunla kölgə salmaq olmaz. Mən özüm də bir hücumçu kimi qol vurmaq istəyirdim.

- Onu da nəzərə alın ki, qolu vurmayanda ən çox hücumçular tənqid olunur. Çünki onların meydanda əsas işi qol vurmaqdır...
- Sözsüz. Bu, aydın məsələdir. Mənim üçün tənqidin olmağı problem deyil. Mənə deyilən iradlardan, tənqidlərdən nəticə çıxardıram. Amma demək ki, Elşən oyunçu, AZAL-a layiqli deyil, bunlar mənasızdır.

- İlk oyundan sonra baş məşqçiniz Nazim Süleymanov, yaxud klub prezidenti Vaqif Qasımov sizə qolları vura bilmədiyinizə görə bir söz dedi?
- Oyundan sonra paltardəyişmə otağında mənə dedilər ki, sənə güvənirik, qol vursaydın, çox yaxşı olardı. Ancaq qınamaq söhbəti olmadı. İnşallah, cavab görüşü var.

- Yeni transfer olduğunuzdan, sizdən komandaya kömək etməklə bağlı daha çox şey gözləyirlər...
- Mən bunu başa düşürəm. Mənim üzərimdə məsuliyyət çoxdur. Ancaq sırf rəhbərlik böyük irad bildirmədi. Sadəcə, vursaydım, qolumun önəmli olduğunu və mərhələ adlamağın asan olacağı deyildi.

- İndi sizin üçün ən yaxşı variant həmin qolu səfərdə vurmaqdır. Çünki “Minsk”i keçmək üçün mütləq qol vurmalıyıq. Bunu özünüzü necə kökləyirsiniz?
- Sözsüz. Cavab oyununa ötən həftədən hazırlığa başlamışıq. Özümü səfər matçında sübut etməyə çalışacağam.

- Azarkeşlərə qol vurmağı söz verirsinizmi?
- Onu söz verə bilərəm ki, komandamın mərhələ keçməsi üçün əlimdən gələni edəcəyəm. Bu, ya özümün qol vurmağım, ya məhsuldar ötürməm olar. Komandama bacardığım qədər kömək edəcəyəm.

- İlk oyunda sonradan meydana çıxdınız və fərqlənə bilmədiniz. Minskdəki görüşdə özünüzü start heyətində görürsünüzmü?
- Doğrusu, oynayıb-oynayacağımı dəqiq deyə bilmərəm. Buna baş məşqçimiz qərar verəcək.

- “Minsk”in müdafiəçilərinə qarşı oynamaq çətin deyildi ki?
- Bilirsiniz, müdafiəçiləri aktiv olsalar da, elə də sürətli deyildilər. Bu baxımdan doğrusu, onlarla oynamaq mənə bir az asan idi. Ona görə də səfər oyununda sürət hesabına özümü göstərə bilərəm.

- Sizcə, indiki vəziyyətdə şanslar rəqibin xeyrinə deyil ki?
- Şübhəsiz ki, biz səfərdə hökmən qol vurmalıyıq. Əks halda, mərhələni keçə bilməyəcəyik. Çünki 0:0 hesabı onlara sərf edir. Biz yalnız qol vurub, qələbə qazanmağa çalışacağıq.

- “Minsk”in səfərdə daha yaxşı oynamağı haqda sizə deyilib?
- Bu haqda məlumatımız var. Ancaq bu, bir statistikadır və bizi arxayınlaşdırmır. Elə şeylərə ümid eləmək olmaz. Biz yalnız özümüzə ümid edib, özümüz çalışmalıyıq.

- Oyun əlavə vaxta getsə, özünüzü 120 dəqiqəyə fiziki cəhətdən hazır sayırsınız?
- İnşallah, ümidləri doğrultmağa çalışacağıq. Məncə, komanda fiziki cəhətdən pis deyil. Bunu 2-ci hissədə göstərdik. İnşallah, məsələni 90 dəqiqədə həll etsəydik, çox yaxşı olardı.

- Penaltilər seriyasına hazırlaşırsınızmı?
- Məşqdə bunun üzərində işləmişik. İnşallah, mən penalti zərbəsini vursam, bunu dəqiq yerinə yetirməyə çalışacağam.

Mehman SÜLEYMANOV, Minsk