“Futbolçularımızın texniki və taktiki əlaqələri dağınıq vəziyyətdədir”
07.07.2011 - 08:43
“Futbolçularımızın texniki və taktiki əlaqələri dağınıq vəziyyətdədir”
“Cəmi 10 gündür ki, bir araya gəlmişik. Hazırlığın ilkin dövründəyik. Demək olar ki, hər şeyi sıfırdan başlayırıq. Komandada böyük dəyişikliklər var, 50 faiz yenilənmiş bir heyətlə çalışırıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” komandasının baş məşqçisi Aleksandr Starkov deyib.

O, klubun saytında komandasının indiki durumu, görülən işlər haqda danışıb: “Bu dəyişikliklər zəruri idi, ötən mövsümün uğursuz nəticələri və qarşıda duran vəzifələrin vacibliyi bizi buna vadar edir. Yeni oyunçular dəvət olunub, onlar bizim oyunumuzu gücləndirməlidirlər. İşlər gedir, yeni futbolçuların uyğunlaşmasına diqqət ayıyırıq. Məşqçilər olaraq həm oyun, həm də davranış intizamını tətbiq edirik. Bu olduqca vacibdir”.

Latviyalı mütəxəssisin sözlərinə görə, yeni mövsümdə yenə iddialı “Bakı” görəcəyik: “Klub prezidenti baş məşqçi kimi mənim qarşıma komanda yaratmaq vəzifəsi qoyub. Sözün əsl mənasında komanda qurmalıyıq. Bu güclü, möhkəm dayaqlara əsaslanan, eyni zamanda gənclərin üzünə açıq olan bir kollektiv olmalıdır. Xatırladım ki, Elvin Əliyev, Novruz Məmmədov, Elvin Məmmədov, Uinston Parks, Denis İvanov, Maris Verpakovski kimi oyunçular artıq bizimlə birlikdədirlər”.

Starkov gənclərə də etimad göstərəcəyini açıqlayıb: “Gənc futbolçular qrupunu xüsusi qeyd etmək istərdim. Onların 18 yaşı var, bu futbolçulara böyük ümidlər bağlayırıq. Şəhriyar Əliyev, Rəhman Hacıyev, Nicat Abdullayev, Nurlan Novruzov oyunlarda iştirak edirlər”.

Mütəxəssis Sloveniyadakı hazırlığa da toxunub: “Sloveniyada 2 yoldaşlıq görüşü keçirmişik. Hər iki oyunda məğlub olmağımıza baxmayaraq işlərin qaydasında olduğunu düşünürəm. Biz hazırda fiziki və funksional hazırlığı önə çəkmişik. Bu gün futbolçularımızın texniki və taktiki əlaqələri dağınıq vəziyyətdədir. Təbiidir, çünki biz hazırlığa yeni başlamışıq. Yoxlama oyunlarındakı rəqiblərimiz Sloveniya və Xorvatiya klublarıdır, onlar bir neçə gündən sonra Avropa miqyaslı turnirlər çərçivəsində oyunlara çıxacaqlar. Onların hazırlıq səviyyəsi bizdən yüksəkdir. Bununla belə oyunçularımız oyunda-oyuna artırırlar, bunu müşahidə edirik. Mən oyunçulardan, ümumilikdə komandadan, təlim şəraitindən razıyam. Hazırda Sloveniyadayıq və layiqli hazırlıq üçün hər bir imkanımız var”.