Mirça Rednik: Təl-Əvivə uduzmağa getmirik - MÜSAHİBƏ
09.07.2011 - 23:01
Mirça Rednik: Təl-Əvivə uduzmağa getmirik - MÜSAHİBƏ
İyunun 20-dən Avstriyada Avropa Liqasının II təsnifat mərhələsinin “Makkabi” klubu ilə oyunlarına hazırlaşan “Xəzər Lənkəran” məskunlaşdığı Fulpmes şəhəriciyindən sabah Təl-Əvivə yollanacaq. Cənub təmsilçisinin rumıniyalı çalışdırıcısı Mirça Rednik apasport.az saytının Avstriyaya ezam olunan əməkdaşına müsahibəsində toplanış barədə, üzləşdikləri problemlər və qarşıdakı ciddi sınaq barədə danışıb.

- Artıq başa çatmaqda olan hazırlıq mərhələsini necə dəyərləndirərdiniz?
- Hazırlıq yaxşı səviyyədə keçir, razıyam. Amma çox təəssüf edirəm ki, toplanış çərçivəsində futbolçuların hamısı eyni vaxtda sərəncamımda olmadı. Viza problemləri çıxdı ortaya. Şəraitə gəlincə, komanda rəhbərliyi hazırlıq üçün istənilən şəraiti yaratmışdı ki, bundan da razıyam.

- Viza problemi ilə əlaqədar 2 futbolçunuz – Emeka Opara və Julius Vobay hazırlığa gec qoşuldu. Bu amil “Makkabi” ilə oyunlarda özünü göstərə bilərmi?
- Təbii ki, onların hazırlığa gec qatılması təsirsiz ötüşməyəcək. Amma hal-hazırda sərəncamımda olan futbolçuların işindən razıyam və “Makkabi” ilə qarşıdakı oyunlarla bağlı özüm üçün məqsədimi müəyyənləşdirmişəm.

- Avropa Liqasında güclü rəqiblə düşdüyünüzü və vaxt azlığını nəzərə alsaq, heyətdə köklü dəyişiklərə ehtiyac vardımı?
- Biz ötən mövsümkü heyətlə mümkün olanı – Premyer Liqada ikinci yeri və Azərbaycan kubokunu qazandıq. Düşünürəm ki, qarşısına böyük məqsədlər qoyan komanda həmin futbolçularla istəyinə çata bilməzdi. Bu səbəbdən istədim ki, heyətə bir az da daha səviyyəli, daha bacarıqlı futbolçular cəlb edək. Gələcəyi fikirləşdiyimiz üçün bu addımı atdıq. Allahın köməyi ilə “Makkabi”ni keçsək, heyətə daha bir neçə səviyyəli oyunçu qatmağı planlaşdırırıq. Onda bizim Azərbaycanda çempionluğu qazanmaq şansımız da çox olacaq. Həm də biz ötən il bəzi futbolçuları icarəyə götürmüşdük. Özü də elə futbolçular ki, öz komandalarında kifayət qədər oynamaq şansı qazanmamışdılar. Məsələn, Parks “Timişoara”nın ikinci heyətində idi. Kyaku, Muşat, Skarlatake Buxarest “Dinamo”sunda müntəzəm meydana çıxa bilmirdilər. Amma onlardan fərqli, indi gələnlər öz komandalarında əsas heyətin üzvləri olublar, son mövsümdə avrokubok həyəcanı yaşayıblar, avrokubok təcrübəsinə malikdirlər.

- Necə fikirləşirsiniz, komanda “Makkabi” ilə ilk oyuna hazırdırmı?
- Təbii ki, hələlik yox. Deyərdim ki, 70-80 faiz hazırıq. Amma futbolçuların həvəsinə, istəyinə arxalanıram. Yaxşı olacağını düşünürəm.

- Yeni transferlər qısa müddətdə heyətə uyğunlaşıb, Avroliqada komandaya lazımı kömək edə biləcəklərmi?
- Fikrimcə, bununla bağlı problem olmayacaq. Siz həmin futbolçuların yaşlarına diqqət yetirin. 27-30 yaşları var, yəni, təcrübəli futbolçulardı. Onların qısa müddətdə bizə xeyir verəcəyinə heç bir problem olmayacaq. Fiziki-hazırlıq üzrə məşqçi Covanni Melkiorre ilə söhbətim olub. Futbolçuların fiziki cəhətdən 70-80 faiz hazır olduğunu deyir. Uyğunlaşmaya bir az vaxt lazımdı. Ona görə də son məşqləri ancaq buna həsr edirik ki, mövcud problemi aradan qaldıraq. Artıq “Makkabi”yə qarşı hansı heyəti buraxacağım nəzərimdədir. Oyuna qədər olan qısa müddətdə də irəliləyişə nail olacağıq. Amma bir reallığı da unutmayaq ki, “Makkabi”nin Avropa futbolunda öz yeri var, İsrailin ən titullu klubudur.

- Yəni, rəqibin cütün favoriti olması ilə razısınız...
- Paralellər aparanda, rəqibin üstünlüyü var. Onlar favorit sayılır. Ancaq futbolda hər şey mümkündü. Mən də öz futbolçularıma inanıram və ümid edirəm ki, yaxşı olacaq. Bizim də öz variantlarımız var. Adrian Pits əvvəl cinah müdafiəçisi mövqeyində oynayıb. “Makkabi” ilə görüşdə də belə olacağı istisna deyil. Hədəfimizdə yaxşı futbolçular var. Amma indi onları heyətə cəlb etmək çətindir. Yenə deyirəm, əsas mərhələ keçməkdir. Bunu bacarsaq, həmin futbolçularla anlaşmaq üçün vaxtımız olacaq.

- Bosniyalı futbolçu Veldin Muharremoviç müdafiənin mərkəzində oynayacaq, yoxsa sol cinahında?
- Onun hər iki mövqedə oynamaq bacarığı var.

- “Xəzər Lənkəran” Təl-Əvivdəki qarşılaşmada müdafiə futboluna üstünlük verməyəcək ki?
- Mənim fəlsəfəmdə müdafiə futbolu yoxdu. Hamı hücuma da qoşulacaq, müdafiəyə də kömək edəcək. Nəzərə alaq ki, cütün taleyi 2 oyunun nəticəsindən sonra bəlli olacaq. Ona görə də, Təl-Əvivdə ehtiyatlı oynayıb, Lənkərandakı qarşılaşmada şansımızı saxlamalıyıq.

- Az öncə köməkçiniz Mihay Teja “Makkabi”nin yoxlama matçını canlı izlədi. O, sizə lazım olan hansı məlumatları çatdırıb?
- Həmin görüşdən öncə rəqibimiz Rumıniyanın “Otelul” klubu ilə qarşılaşmışdı. Amma rumınlar meydana əsas heyətlə çıxmamışdılar. Əsasən baxışa gələnləri sınayırdılar. Mənə verilən məlumata görə, rəqib aqressiv və sürətli komandadır. Üstəlik, 1 ildir birgə oynayırlar, texnikalı futbolçulara malikdir. Bu barədə Teja da mənə dedi. Bizdə bəzi problemlər var ki, bunu mətbuata açıqlamaq istəməzdim. Çünki rəqib komandanın nümayəndələri çox aktiv çalışıblar. Yəni, haqqımızda daha çox məlumat toplamağa çalışırlar. Onlar hətta bizim həvəskarlardan ibarət “Fulpmes” komandasıyla oyuna da “casus” göndərmişdilər. Siz yəhudiləri yaxşı tanıyırsınız (gülür). Bu, mənim komandamdır, ona görə də problemləri mən daha yaxşı bilirəm. Qoy, bu informasiya bizdə qalsın. İşlərin belə alınmasında klub rəhbərliyini qınamaq düzgün deyil. Çempionat başa çatandan dərhal sonra hamımız yeni futbolçuların komandaya cəlb edilməsi üzərində çalışmışıq. Çalışmışıq ki, heyətə daha səviyyəli futbolçular gəlsin, rəqabətə davamlı heyət quraq. Amma bütün bunları reallaşdırmaq asan deyil.

- Reallığı nəzərə alsaq, Təl-Əvivdəki qarşılaşmada hansı nəticəyə ümid edirsiniz?
- Elə bir nəticə gözləyirəm ki, Lənkərandakı cavab matçında hər şey bizim üçün uğurlu sonluqla bitsin.

- İlk oyunda “Xəzər Lənkəran”ın qələbəsi sensasiya sayıla bilər?
- Təbii ki, qələbə əla olardı. Amma qol vursaq, ən pis pessimist fikirlərimi desəm, 1:2 hesabı ilə uduzsaq, cavab oyununda şansımız olacaq. Siz elə fikirləşməyin ki, biz İsrailə uduzmağa gedirik. Mən, “Makkabi”dən çəkinmirəm. Məqsədimiz qələbə qazanmaqdır.

- Əvvəllər rəhbərlik etdiyiniz Buxarest “Dinamo”su o vaxt UEFA kuboku adlanan turnirdə İsrail klubuna qarşı oynayıb. 2 oyunun nəticəsinə görə komandanız mərhələ adlamışdı. Belə demək olarmı ki, Mirça Rednik İsrail klubunu ram etməyin yolunu bilir?
- (gülür) Bəli, Buxarestin “Dinamo” klubunda çalışdığım zaman “Beytar”a qarşı oynamışıq. Çox güclü komanda idi. Biz mərhələ adlayıb, qrupa düşmüşdük. Həmişə demişəm, əsas birinci oyundur. Əgər “Makkabi”ni keçsək, qrupa düşmək şansımız çox olacaq.

İxtiyar ƏSGƏROV
İNNSBRUK