“Komandamda baxışa çağırmadan görmək istədiyim 2 futbolçu var”
12.07.2011 - 13:22
“Komandamda baxışa çağırmadan görmək istədiyim 2 futbolçu var”
“Mən toplanışın yekunundan razıyam. Böyük həcmli iş yerinə yetirdik. Bu toplanışın əsas məqsədi növbəti hazırlığın özülünün qoyulmasından ibarət idi və mən düşünürəm ki, bu, bizə müyəssər oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter”in baş məşqçisi Kaxaber Sxadadze deyib.

Gürcüstanlı mütəxəssis klubun saytına açıqlamasında Türkiyə toplanışının yekunları haqqında danışıb: “Futbolçulara fiziki yükləmə böyük oldu, onlar çox yoruldular, buna baxmayaraq, qarşılarına qoyulmuş tapşırıqların öhdəsindən gəldilər. Qeyd edim ki, Türkiyədə keçirilmiş yoxlama matçlarında komandamız oyundan oyuna irəliləyirdi. Onu da deyim ki, bir neçə mövqeyi gücləndirmək lazımdır. Komandanın güclənməyə ehtiyacı var. Türkiyəyə baxışa bir neçə futbolçu gəldi. Bütün bu futbolçular azad agentlər idilər, bu isə o deməkdir ki, onlar komandasız qalmışdılar və tam proqramla məşq etmək imkanına malik olmamışdılar, fərdi qaydada məşq etmişdilər”.

Sxadadze transferlə haqda da fikirlərini bildirib: “Onlar toplanışa hazırlıqsız vəziyyətdə gəlmişdilər və onları yaxşı vəziyyətə gətirmək üçün vaxt tələb olunurdu. Bizimlə toplanışda olan iki oyunçuya komandayla ikinci toplanışa yollanmağı təklif etdim. Orada bir müddətdən sonra onların da gələcəyinə aydınlıq gətiriləcək. Təbii ki, onlar bizim təklifi qəbul edib ikinci toplanışa getmək istədikləri halda dediklərim reallaşa bilər. Bundan başqa, hər hansı bir baxış keçirilmədən komandada görmək istədiyim iki futbolçu var. Bu məsələ ilə bağlı klub rəhbərliyilə söhbət etmişik. Onlar bu iki oyunçunu komandaya cəlb etməyə razılıq verdilər və bu istiqamətdə danışıqlar gedir. Hər şey yaxın günlərdə müəyyənləşəcək. Bu futbolçuların komandamıza keçmələrini çox istərdim, axı, onlar komandanı çox gücləndirə bilərdilər”.