“Bura kiminsə çörəyini əlindən almaq üçün gəlməmişəm” - MÜSAHİBƏ
13.07.2011 - 17:55
“Bura kiminsə çörəyini əlindən almaq üçün gəlməmişəm” - MÜSAHİBƏ
AZAL klubunun yeni baş məşqçisi Elxan Abdullayevin apasport.az saytına müsahibəsi

- İlk növbədə təyinat münasibətilə sizi təbrik edib, uğurlar arzulayırıq. AZAL-ın baş məşqçisi olmaq variantı necə yarandı?
- Hər şey qısa müddətdə olur. Klubun prezidenti Vaqif Qasımov məni danışığa çağırdı. Ofisə gəlib, söhbət elədik. Mən bun sonunda AZAL-ın baş məşqçisi olmağa razılığımı verdim və birgə əməkdaşlıq etməyi qərara gəldik.

- Təbii ki, sələfiniz Nazim Süleymanovun Avroliqada “Minsk”lə səfərdəki oyundakı məğlubiyyətdən sonra rəhbərlik sizinlə danışığa girdi...
- Yox, bu, oyundan dərhal sonra olmadı. Məni bu gün çağırdılar və bu gün 1 illik rəsmi müqaviləni imzaladıq.

- Yəni hər şey bir günün içində həll olundu?
- Bəli.

- Sizi əsas razı salan nə oldu ki, təklifi müsbət cavabladınız?
- Bunun çoxlu faktorları var. İlk növbədə komandanın iddialı olması. AZAL elə-belə, vaxt keçirmək üçün olan komanda deyil. Mən özüm iddialı insanam və qarşımda yüksək vəzifələr, böyük planlar qoyuram. AZAL yüksək yerlərə oynayan komandadır və ona görə də bu komandadan baş məşqçi olmaq təklifi diqqətimi cəlb etdi. Bu, mənim üçün simpatiyalı oldu. Mən elə komandaya getməyə çalışıram ki, onun qarşında yüksək məqsəd olsun. Daha elə-belə, vaxt keçirmək üçün işləmək yox. İkincisi, mən Vaqif müəllimi hələ uşaqlıqdan yaxşı tanıyıram. Mənə elə gəlir ki, bu adamla işləmək mənə daha rahat olacaq. Üçüncüsü, komanda Bakını təmsil edir, evin içində olacağam.

- Rəhbərlik söhbətinizdə növbəti mövsüm üçün hansı vəzifə müəyyənləşdi?
- Ancaq ən yüksək yerlərə oynamaq.

- Bir müddətlik fasilədən sonra Azərbaycan Premyer Liqasına qayıdırsınız, ancaq baş məşqçi kimi dönüşünüz müddət sonra olacaq. Şəxsən özünüzlə bağlı hansı perspektivi görürsünüz?
- Azərbaycan çempionatına qayıdışım elə də böyük fasiləni əhatə etmir. Mən yalnız ötən mövsümü buraxmışam. Bu da Qazaxıstanın “Atırau” klubunda işləməyimlə bağlı idi. Ancaq baş məşqçi kimi qayıdışımla bağlı fasilənin böyük olması doğrudur. Bəli, mən 2005-ci ildən sonra bu vəzifədə işləməmişdim. Sonuncu dəfə həmin vaxt “Qarabağ”ın baş məşqçisi olmuşam. Bundan sonra baş məşqçi işləməməyimlə bağlı bir sıra səbəblər vardı. Ən böyük səbəb milli komandada çalışmağım idi. Bildiyiniz kimi, klubun baş məşqçisi eyni zamanda hər 2 yerdə işləyə bilməzdi. Ona görə də mən həm millidə, həm də “İnter”də köməkçi məşqçi işləyirdim. Ancaq indi əvvəla, yığmada işləmirəm. İkincisi də mən baş məşqçi kimi işləməyə hazıram.

- Yəni artıq 6 ildir bu ampluada çalışmasanız, daha çox köməkçi məşqçi işləsəniz də, baş məşqçi yükünün altına girməyə hazırsınız?
- Bəli, mən özümü bu vəzifəyə hazır sayıram. Mən bu işi görməyi bacararam.

- Gənc, enerjili məşqçisiniz, üstəlik, xarici dil bilməyiniz, ingiliscə sərbəst danışmağınız işinizə yardımçı olmalıdır...
- Mən özümdə bu gücü görürəm. İndiyə kimi 2 komandada baş məşqçi işləmişəm və bunlar aparıcı klublar olublar. Söhbət “Qarabağ” və “Bakı”dan gedir. Onlar böyük ənənələrə malikdirlər və həmişə yüksək yerlər uğrunda mübarizə aparıblar. Mən çox fəxr edirəm ki, belə bir iddialı klublarda işləmişəm. Ancaq yenə deyirəm ki, mən baş məşqçi işini bacarıram. İkinci məşqçi kimi fəaliyyət göstərmişəm və indi baş məşqçi işləmək, yenidən öz yerimə qayıtmaq şansım var. Niyə bu şansdan istifadə etməyim ki?

- Bizdə belə uğursuz ənənə yaranıb ki, məşqçilər bir komandadan getdikdən sonra uzun müddət işsiz qalırlar və məcburi istirahət edəcəkləri ilə barışırlar. Ancaq “Atırau”dan gedəndən cəmi 1 ay sonra özünüzə yeni iş yeri tapdınız. Özü də baş məşqçi kimi. Bunu gözləyirdiniz?
- Əlbəttə, gözləyirdim. Bəlkə belə danışmağım təvazökarlıqdan uzaq olacaq, ancaq mənim həmişə baş məşqçi postuna təkliflərim olub. Bu, hər il – həm vətəndə, həm də xaricdə olub. Sadəcə, müxtəlif səbəblərdən razılıq verməmişəm. Bəzilərində maddi vəziyyət xoşuma gəlməyib, bəzilərində başqa amillər olub. Son yarımı ilə “Atırau”da Ramiz Məmmədova kömək kimi məşqçi işlədim. O, mənim yaxın dostumdur. Ramiz müəllimə xarici ölkədə kömək etməyə ehtiyac vardı. Bunu etmək lazım idi və mən də yardım əlimi uzatdım. Məmmədov mənə müraciət etdi və mən də bunu normal qarşılayaraq, müsbət cavablandırdım. Bunda, yəni 2-ci məşqçi işləməkdə böyük qəbahət görmürəm. Biz məşqçiyik, Allahın işinə qarışmaq olmaz. Bu gün baş məşqçi işləyirsən, sabah 2-ci məşqçi ola bilərsən. Sadəcə, hər məşqçidə öz üzərində işləməli, yeni şeylər öyrənməlidir. Kimsə gedib, 2-ci məşqçi işləyirsə, o adamı nəyə görə bunu etdiyinə görə qınamaq olmaz. Sizə deyim ki, indi də başqa ölkələrdən bir-iki təkliflərim var idi. Ancaq seçim etmək lazımdır və mən hər şeyi sizə açıqlayıb, deyə bilmərəm. Yəqin ki, məni başa düşərsiniz.

- Köməkçiləriniz kim olacağı, Süleymanovun başçılıq etdiyi məşqçilər korpusundan kimləri saxlayıb, kimlərlə işləməyəcəyinizi artıq özünüz üçün müəyyənləşdirmisiniz?
- Mən indi bu mövzuya toxunmaq istəmirəm. Bunu müəyyənləşdirmək üçün mənə 2-3 gün vaxt lazımdır. Əlbəttə, köməkçilərimin kim olacağını siz özünüz eşidəcəksiniz.

- Heç olmasa kimlərin gedəcəyini açıqlaya bilərsiniz?
- Mən hələ ki komanda ilə görüşməmişəm. Buna görə də hələ heç nə deyə bilmərəm. Sadəcə, onları ad-soyadları ilə tanıyıram. Ancaq hazırlıqda, iş başında heç kimi – nə futbolçuları, nə də məşqçiləri görmüşəm. Mən bura kiminsə çörəyini əlindən almaq, kimisə qovmaq üçün gəlməmişəm. Əlbəttə, hamısı onların öz əllərindədir. Kim özünü göstərəcəksə, o komanda qalacaq. Mən istərdim ki, hamı qalsın.

- Ramiz Məmmədovla yenidən birgə işləmək perspektivinə necə baxırsınız?
- İlk növbədə Ramiz müəllim məni təyinat münasibətilə təbrik etdi. O da mənim kimi iddialı insan, məşqçidir. Ona köməkçi məşqçi işləmək təklifini etməyim mən tərəfdən düzgün çıxmaz. Çünki Məmmədov ötən il Azərbaycanın ən yaxşı məşqçisi olub. Buna görə də 2-ci məşqçi təklifini etməyim mən tərəfdən yersiz olardı.

- Bəs Süleymanovla söhbətləşib, bir növ halallıq almaq fikriniz varmı?
- Halallığı başqa şeylərdə deyirlər. Mən onun yerinə gəlməmişəm. Bura gələndə baş məşqçi postunda artıq heç kim yox idi. Belə olan halda, halallığı kimdən alasan? Halallığı o adamdan alarsan ki, burda işləyir, yaxud nəsə pis çıxıb. Nazim müəllim bu komandadan özü istefa verərək, gedib. Ona görə də bu yerdə halallığı başa düşmürəm. Əslində bu, formal bir şeydir. Biz Süleymanovla dostuq, bir yerdə futbol oynayırıq. Mən tərəfdən ona qarşı çox yüksək səviyyədə münasibət var.

- Yeni komandanız Avroliqada “Minsk”lə oyunda uğursuzluğa düçar olaraq, mübarizəni dayandırdı. İzlədiyiniz görüşlərdə AZAL-ın sizin üçün necə təsir bağışladı?
- Mən indi durub, buradan oyunları təhlil etmək istəməzdim. Bunu etmək üçün gərək mütləq oyun öncəsi “ustanovka”da iştirak edəsən, baş məşqçinin futbolçulara nə tapşırıq verdiyini biləsən. Bu olmadan, təhlil aparmağım, keçmiş baş məşqçinin işinə qiymət verməyim etik cəhətdən düzgün çıxmaz. Ona görə də bu haqda fikir bildirməsəm, daha yaxşı olardı.

- Çempionatın başlanmağına bir aydan az vaxt qalıb. Komandanı ilk növbədə psixoloji durumdan çıxartmaq lazımdır. Bu qısa müddətdə ağır işin öhdəsindən gələ biləcəksiniz?
- Mən bunda problem görmürəm. Futbolçuya başa salmaq lazımdır ki, keçmişdəki məğlubiyyəti tez bir zamanda unudub, irəli baxmaq lazımdır. AZAL elə bir komandadır ki, psixoloji baryeri tez bir aşa bilər. “Minsk”lə oyunlar artıq tarixdə qalıb, indi gələcəyə baxmalısan. Bunun üçün çalışmaq lazımdır. Mən keçmişə qayıtmaq istəmirəm. İstəyirəm ki, gələcək haqda danışaq. Bunun üçünsə keçmişdəki səhvləri təhlil edib, bundan nəticə çıxardıb, gələcəkdə etməmək lazımdır. Mənim futbolçulara arzum, tövsiyəm budur. Onların psixoloji durumdan tez çıxmalarını istəyirəm və yeni, daha yaxşı nəticələr qazanmaq haqda fikirləşsinlər.

Mehman SÜLEYMANOV