AZAL Türkiyəyə təlim-məşq toplanışına yollanacaq
13.07.2011 - 18:19
AZAL Türkiyəyə təlim-məşq toplanışına yollanacaq
Azərbaycanı Avroliqada təmsil etmiş AZAL klubu Türkiyəyə yollanacaq. Komandanın yeni baş məşqçisi Elxan Abdullayev apasport.az saytına açıqlamasında qardaş ölkədə 2 həftəlik təlim-məşq toplanışı keçəcəklərini bildirib. Bu gün təyinatı rəsmiləşən 41 yaşlı çalışdırıcı komandanın hazırlığının növbəti mərhələsinin Türkiyədə olacağını bildirib: “Biz 2-3 günə Türkiyə gedəcəyik. Bu ayın sonuna kimi orada təlim-məşq toplanışında olacağıq. Həmin vaxt vətənə dönəcəyik və bundan sonra çempionatımızın startına az vaxt qaldığından, son məşqlərimizi burda keçəcəyik. Türkiyədə bir neçə yoldaşlıq görüşlərimiz olacaq. Mən mütləq komandaya, heyətə baxmalıyam. Bunun əsasında çatışmayan yerlərimizi müəyyənləşdirib, onları aradan qaldırmalıyıq”.

Yeni futbolçuların transferinin lazım olduğunu bildirən Abdullayev Avroliqada Belarusun “Minsk” klubu oyunlarda zəif təsir bağışlayan hücum xəttinin gücləndirilməsinin vacibliyi ilə razılaşır: “Əlbəttə, komandanın gücləndirilməsi istiqamətində işlərin gözlənilir. Biz 2-3 yeni futbolçu götürməliyik. Bunları baxışa çağırıb, yoxlamağımız lazımdır. Mən əsas hücumda problem görürəm. Mənə gəlir ki, müdafiəyə bir futbolçu mütləq götürmək lazımdır. AZAL peşəkar klubdur, burada futbolçuların müqavilələri var. Ancaq buna baxmayaraq, hər şey onların özündən asılıdır. Futbolçular daha yaxşı oynamağa çalışmalıdır”.

Qeyd edək ki, “Minsk”lə oyunlara təmsil etdiyi Şüvəlanda hazırlaşan AZAL xaricə təlim-məşq toplanışına yollanmadı.

Mehman SÜLEYMANOV