Marius Verpakovskis: Ən azı təcrübəmlə “Bakı”ya faydalı ola bilərəm
14.07.2011 - 10:53
Marius Verpakovskis: Ən azı təcrübəmlə “Bakı”ya faydalı ola bilərəm
”Latviya milli komandasının bir neçə üzvü Azərbaycanda oynayır. Onlardan ölkəniz və çempionatının səviyyəsi barədə ancaq yaxşı sözlər eşitmişəm. Bir sözlə, məlumatım var idi. Bilirdim ki, hara gedirəm”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Bakı”nın yeni transferi Marius Verpakovskis klubun rəsmi saytına açıqlamasında deyib. Tanınmış hücumçulardan olan latviyalı karyerasını ölkəmizdə davam etdirməyə qərar verib.

Millidə uzun illərdir rəhbərliyi altında oynadığı Aleksandr Starkovun yanına gələn Maruis Sloveniyada təlim-məşq toplanışında fərqlənib: “Komandamızın heyətində ilk qolumu vurdum. Təəssüf edirəm ki, bu qələbə üçün kifayət etmədi. Yoldaşlıq oyunlarında məğlub olduq, ancaq bu indi bir o qədər önəmli deyil. Yeni mövsümdə qələbələr qazanmağımız vacibdir. Hələ ki, hazırlıq dövründəyik. Növbəti təlim-məşq toplantısında daha uğurlu olacağımıza inanıram. Tədricən, oyun keyfiyyətini yüksədirik”.

Verpakovskis təcrübəsi ilə yeni komandasına kömək edəcəyinə inanır: “Hesab edirəm ki, ən azı təcrübəmlə “Bakı”ya faydalı ola bilərəm. Komanda 22 nəfərdən və personaldan ibarətdir. Əsas odur ki, komandamız vahid orqanizm kimi fəaliyyət göstərsin, məqsədə doğru irəliləsin. O zaman hər şey yaxşı olacaq”.

Qeyd edək ki, “Bakı”nın digər yeni transferi – müdafiəçi Denis İvanov da Latviya yığmasında Starkovun rəhbərliyi altında oynayır.