Elxan Abdullayev: Baş məşqçi tapmaq asandır, ancaq köməkçi çətin
14.07.2011 - 14:16
Elxan Abdullayev: Baş məşqçi tapmaq asandır, ancaq köməkçi çətin
Nazim Süleymanovun istefasından sonra baş məşqçi axtarışlarını davam etdirən AZAL rəhbərliyi nəhayət, yekun qərarını verdi. Apasport.az saytının məlumatına görə, Avroliqada mübarizəni ilk təsnifat mərhələsində dayandıran paytaxt təmsilçisini qarşıdakı 1 il ərzində Elxan Abdullayev çalışdıracaq. Azərbaycanın gəlmiş-keçmiş ən yaxşı məşqçilərdən hesab edilən Ruslan Abdullayevin 41 yaşlı oğlu olan yeni baş məşqçi çalışdırıcı kimi ilk addımlarını “Dinamo”da atıb. Bir müddət onun baş məşqçisi kimi çalışan Abdullayev daha sonra komanda adını “Bakı”ya dəyişdikdən sonra ilk çalışdırıcı kimi tarixə düşüb.

Növbəti iş yeri “Qarabağ” olan Abdullayev onun “sükanı arxasında” olduğu yarım mövsüm keçirəndən sonra “İnter”də köməkçi məşqçi funksiyasını yerinə yetirib. O, ölkə xaricində də çalışmaq imkanı qazanıb. Belə ki, qışda Ramiz Məmmədov Qazaxıstan “Atırau”sunun baş məşqçisi təyin edildikdən sonra Abdullayevi köməkçi-məşqçi kimi yanına aparıb. Lakin uğursuz çıxışa görə ötən ay məşqçilər korpusu istefaya göndərilir. Abdullayev yığmadakı iş təcrübəsi ilə də öyünə bilər. Karlos Alberto Torresin yardımçısı olan məşqçi millinin hazırkı baş məşqçisi Berti Foqtsun da yardımçısı olub.

Məşqçilikdə ən yüksək dərəcə olan “Pro” kateqoriyasına malik Abdullayev bu gün AZAL rəhbərliyi tərəfindən rəsmən təqdim olunub. Yeni çalışdırıcı jurnalistlərin suallarını cavablandırıb.

- Komandada nə kimi dəyişikliklər edəcəksiniz? Əsgər Abdullayevin vaxtında komanda müdafiə, Nazim Süleymanovun dövründə isə hücum futboluna üstünlük verirdi. Bəs siz hansı taktikanı seçəcəksiniz?
- Nazim Süleymanovun vaxtında olduğu kimi, AZAL yenə hücum futboluna üstünlük verəcək. Aqressiv, sürətli futbolu xoşlayıram. İstəyirəm ki, azarkeşlər bol qollu oyun izləsinlər. Fürsətdən istifadə edib, bir məsələyə də münasibət bildirmək istəyirəm. Bayaq “Qarabağ”dan ayrıldıqdan sonra heç bir klubda baş məşqçi kimi çalışmadığım vurğulandı. Bunun səbəbini izah edim. Əslində, “Qarabağ”dan sonra həm ölkə xaricindən, həm də yerli klublardan xidmətimdə maraqlı olanlar oldu. Ancaq mən başqa yol seçdim. Bildiyiniz kimi, bir müddət yığma komandanın braziliyalı baş məşqçisi Karlos Alberto Torreslə, daha sonra isə almaniyalı mütəxəssis Berti Foqtsla çalışdım. Məqsədim isə təcrübə toplamaq idi. Çünki hələ qarşıda vaxtım var idi və buna görə təcrübəmi artırmaq istəyirdim. İndi isə baş məşqçi kimi çalışmağa tam hazıram. Eyni zamanda son 6 ildə baş məşqçi işləməsəm də futboldan uzaqlaşmamışdım. “İnter”də köməkçi məşqçi oldum. Məhz bizim vaxtımızda komanda iki dəfə ölkə çempionu oldu, bir dəfə gümüş medal qazandı. Başa düşürəm, işim çətin olacaq. Ancaq iddialı insanam və yüksək məqsədlər uğrunda mübarizə aparacağam. Bunu işimlə sübut edəcəyəm.

- Köməkçiləriniz kim olacaq?
- Yaxın 1-2 gün ərzində onun adını açıqlayacağam. Baş məşqçi tapmaq asandır, amma köməkçi məşqçini tapmaq çətin. Çünki o, yeri gələndə baş məşqçini də sakitləşdirməyi bacarmalıdır.

- “Atırau”da uğursuz mövsüm keçirdiyinizi demək olarmı?
- “Atırau” haqda danışmaq istəmirəm. Çünki komandanın baş məşqçisi Ramiz Məmmədov idi və klub rəhbərliyi ilə danışmışdı. Düzdür, mən də həmin heyətdə yer alırdım. Ancaq baş məşqçi danışsa, daha yaxşı olardı.

- Sizinlə 1 il müddətini əhatə edən müqavilə imzalanıb. Buna görə narahat deyilsiniz?
- Mənim üçün müqavilənin müddəti önəmli deyil. Onsuz da bizdə bu məsələ formal xarakter daşıyır. Elə məşqçi olub ki, onunla 5 illik anlaşma imzalanıb, ancaq 3 aydan sonra yola salıblar, gedib.

- Çempionatın başlamasına bir aydan az vaxt qalıb. Qalan vaxt sizə istədiyiniz komandanı formalaşdırmaq və Premyer Liqaya lazımınca hazırlaşmağa yetəcəkmi?
- Vaxtımız çox azdır. Aydın məsələdir ki, avrokuboklarda iştirak edən komandaların hazırlıq planı fərqli olur. Belə götürəndə “Qarabağ” vaxtının çox hissəsini səfərlərə sərf edir. Çempionata lazımınca hazırlaşmaq üçün vaxtları olmur. Amma neynəmək olar, bu UEFA-nın qərarıdır. Oyunun vaxtını onlar müəyyənləşdirir. İstərdim ki, vaxtımız daha çox olsun və yaxşı hazırlıq keçək.

- Gələcəkdə təklif alsanız, yenidən köməkçi-məşqçi kimi çalışacaqsınızmı?
- Bunu zaman göstərəcək. Mən məşqçiyəm. Həm də önəmlisi olan nə zaman və kimə kömək edəcəyindir. Vaqif Sadıqov 3 dəfə yığmanın baş məşqçisi olub, ancaq bu gün “Anji”də Hacı Hacıyevin köməkçisidir. Onun yanında kim işləmək istəməz ki? Ona görə təklifi zamanında dəyərləndirmək lazımdır.