Atalar üçdən deyib və ya Əsədovun “Maksimir” yubileyi
14.07.2011 - 14:50
Atalar üçdən deyib və ya Əsədovun “Maksimir” yubileyi
Azərbaycan çempionu “Neftçi”nin çempionlar liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Xorvatiya “Dinamo”su ilə keçirdiyi matç bakılılar üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, “Neftçi” birdən-birə 2 yubileyi “bayram edib”. Lakin bu “bayram”da sevinən Zaqrebin “Maksimir” stadionuna toplaşan azarkeşlər olub. Söhbət “Neftçi”nin qeyd etdiyi yubileylərdən biri müsbət, digəri mənfi məna kəsb edib.

50-ci qol, 50-ci oyun

“Ağ-qaralar” tarixində 50-ci dəfə indiki baş məşqçisi Arif Əsədovun rəhbərliyi altında meydana çıxıb. Lakin gənc və Avropa təcrübəsi olmayan çalışdırıcı qitə kuboklarındakı debütdə 0:3 hesablı məğlubiyyətə üzülüb. Bu matçdakı ilk qolun müəllifi olan Milan Badelj də “Neftçi”nin tarixinə düşüb. Meydan sahiblərinin kapitanı paytaxt təmsilçisinin avrokubokjlarda buraxdığı 50-ci qolun müəllifi olub. Bu göstəricidə Azərbaycan rekordçusu olan “Neftçi” buraxılan 50 qol həddinə çatan ilk komanda olub.

3 turnirdə darmadağın

Əsədovlu “Neftçi” daha bir antirekorda imza atdı. Müstəqillik tarixində nadir hallarda böyük hesabla uduzan “ağ-qaralar” eyni məşqçi ilə 3 müxtəlif yarışda bu aqibəti yaşaması qeyri-adi hal sayılır. Lakin cəmi 50 matçda iş başında olan Əsədov həm Premyer Liqa, həm Azərbaycan kuboku, həm də Çempionlar Liqasında belə nəticələrlə üzləşib.

Son 3 matçda 2-ci dəfə

Ötən il martın 7-də Azərbaycan kubokları tarixində “Neftçi”nin ilk və son böyük hesablı məğlubiyyəti də onun baş məşqçiliyi dövründə qeydə alınmışdı. Həmin vaxt, 2009/10 mövsümünün 1/4 finalın qarşılaşmasında “İnter” həmyerlilərinə divan tutmuşdu – 0:3. 2010/11 mövsümünün finişində isə artıq çempionluğu rəsmiləşdirən “ağ-qaralar”
Quzanlı Olimpiya Kompleksində məğlubiyyət acısı yaşamışdı. “Qarabağ”ın 3:0 hesabı ilə rüsvay etdiyi çempion 2011/12 mövsümünə də eyni tempdə başladı. Mövsümün ilk matçındakı böyük hesab “Neftçi”nin son 62 gündə keçirdiyi 3 rəsmi matçda aldığı 2-ci acınacaqlı zərbədir.

2178 gündən sonra

Neçə illər idi ki, Azərbaycan çempionları qitənin ən nüfuzlu klub turnirində böyük hesabla uduzmurdu. Söhbət Çempionlar Liqasında mübarizə aparan təmsilçilərimizdən gedir. 2005-ci iyulun 26-da “Anderlext”ə 0:5 hesabı ilə uduzan “Neftçi”dən sonra heç bir çempionumuz belə acınacaqlı hesaba üzülməmişdi. Həmin vaxtdan 2178 gün sontra yenə uduzan “Neftçi” “Baki”, “İnter” (hərəyə 2 mövsüm), “Xəzər Lənkəran”ın (1 mövsüm) davam etdirdiyi 5 mövsümlük seriyanın qırılmasına səbəb oldu. Ümumilikdə isə bu, ÇL-də 5-ci böyük hesablı məğlubiyyətimiz oldu.

ÇL-dəki böyük hesablı məğlubiyyətlərimiz

30.07.1997 “Vidzev” (Polşa) – “Neftçi” - 8:0
22.07.1998 LKS (Polşa) – “Kəpəz” - 4:1
02.08.2000 “Şəmkir” – “Slaviya” (Çexiya) – 1:4
26.07.2005 “Anderlext” (Belçika) – “Neftçi” - 5:0
13.07.2011 “Dinamo” (Xorvatiya) – “Neftçi” – 3:0

“Neftçi” də 5-ə çatdı

Azərbaycan çempionlarının ÇL-dəki darmadağınları kimi “Neftçi”nin 3 və daha çox top fərqlə uduzduğu görüşlərin sayı da 5-ə çatıb. Kiprdə keçirdiyi avrokuboklardakı debütü 0:3-lə başlayan “ağ-qaralar” 29 matçda bu qədər üzüntü yaşayıb.

“Neftçi”nin avrokuboklarda böyük hesablı məğlubiyyətləri

10.08.1995 APOEL (Kipr) - 0:3
24.07.1996 “Lokomotiv” (Sofiya, Bolqarıstan) - 0:6
30.07.1997 “Vidzev” (Polşa) – 0:8
26.07.2005 “Anderlext” (Belçika) - 0:5
13.07.2011 “Dinamo” (Xorvatiya) - 0:3