Mahmud Qurbanov: Nə zəng vuran, nə də axtaran
14.07.2011 - 17:28
Mahmud Qurbanov: Nə zəng vuran, nə də axtaran
“Köhnə hamam, köhnə tasdır. Nə zəng vuran var, nə də axtaran”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun sabiq futbolçusu Mahmud Qurbanov deyib. Mövsüm bitdikdən sonra klubsuz qalan 38 yaşlı yarımmüdafiəçinin peşəkar karyerasında ilk klubu olan “Kəpəz”ə dönəcəyi gözlənilsə də, bu, hələ də baş tutmayıb.

Bir müddət əvvəl Gəncə təmsilçisinin baş məşqçisi Mehman Allahverdiyevlə söhbətləşən Qurbanov qayıdışı müzakirə etsə də, sonradan qarşı tərəfdən səs çıxmayıb. Ən titullu futbolçumuz anlaşmanın baş tutmamağında maliyyə şərtlərinin də rol oynaya biləcəyini istisna etməyib: “Nə bilim? Ola bilsin, maliyyə şərtləri onları qane etməyib. Amma mən elə də böyük məbləğ deməmişəm. Hələ ki qarşı tərəfdən səs-səmir yoxdur. Çempionatın startına da az vaxt qalıb. İstəyirəm ki, hansısa klubla məşqlərə başlayım. Hər şey qismətdən asılıdır. Alınmasa, karyeramı bitirəcəm”.