Roberto Karlos “Anji” klubunun prezidenti olacaq
14.07.2011 - 15:33
Roberto Karlos “Anji” klubunun prezidenti olacaq
Məşhur braziliyalı futbolçu Roberto Karlos Rusiyanın “Anji” klubunun prezidenti olacaq. Apasport.az saytının məlumatına görə, 38 yaşlı müdafiəçi xarici mətbuata açıqlamasında kapitanı olduğu Mahaçqala təmsilçisində futbolçu karyerasını bitərək, onun prezidenti olmağa qərar verdiyini bildirib: “Mənim klubda daha 2 illik müqaviləm var. Bundan sonra karyeramı bitirib, “Anji”nin prezidenti olacağam. Mən ilk dəfədir bu haqda bəyan edirəm, ancaq qarşıda hələ 2 mövsüm var. Mən Rusiyada uzun illər yaşamaq niyyətindəyəm. “Anji”nin prezidenti olandan sonra isə güclü komanda qurmağa çalışacağam. Orada bir neçə braziliyalı futbolçu oynayacaq”.

Karlosun sözlərinə görə, onun futbolçu karyerasını bitirdikdən və “Anji” ilə 2013-cü ildə müqaviləsi qurtarandan sonra prezidenti olması Rusiyaya gəlişindən dərhal sonra razılaşdırılıb. İndi klubda prezidenti vəzifəsi yoxdur. “Anji”də operativ rəhbərliyi baş direktor German Çistyakov həyata keçirir.

Qeyd edək ki, milli komandamızın və “Neftçi”nin sabiq baş məşqçisi Vaqif Sadıqov da Roberto kimi bu ildən “Anji”nin üzvüdür. O, baş məşqçi Hacı Hacıyevin köməkçilərindən biri kimi əfsanəvi dünya çempionu ilə birgə çalışır.