Saşa Stamenkoviç: “Maksimir”dəki qışqırıqları vecimə almırdım
14.07.2011 - 15:45
Saşa Stamenkoviç: “Maksimir”dəki qışqırıqları vecimə almırdım
“Dinamo” ilə oyuna əvvəldən söz verdiyim kimi “Srvena Zvezda” forması ilə çıxmışdım. Bunu “Neftçi”nin formasının altından geymişdim. Bundan xəbəri olan xorvat azarkeşlər sərt reaksiya göstərirdilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi” klubunun qapıçısı Saşa Stamenkoviç deyib.

Serbiyalı futbolçu Çempionlar Liqasının II təsnifat mərhələsinin “Dinamo” ilə Xorvatiyadakı oyunu (0:3) haqda fikirlərini açıqlayıb. Saşa serb-xorvat münasibətlərinin oyunda o qədər də hiss olunmadığını bildirib: “Maksimir”in tribunaları ünvanıma müxtəlif sözlər yağdırır, adımı çığırırdılar. Fikrimi oyundan yayındırmağa çalışırdılar. Lakin mən bu qışqırıqları vecimə də almırdım. Bütün diqqətimi oyuna yönəltmişdim. Xorvat futbolçular isə mənə münasibətdə normal davranırdılar. Azarkeşlər əla ab-hava yaratmışdılar. Lakin bu “Srvena Zvezda”nın “Marakana” stadionundakılarla müqayisədə heç nədir. “Dinamo” həqiqətən də yaşı oynadı. Lakin biz də 0:3 hesablı məğlubiyyətə layiq deyildik.