Sabun köpüyü
14.07.2011 - 16:19
Sabun köpüyü
Sabun köpüyü partladı… UEFA Çempionlar Liqasındakı təmsilçimiz “Neftçi” nüfuzuna görə qitə miqyaslı turnirlərin tacı olan yarışa iri hesablı məğlubiyyətlə qayıtdı. Zaqrebdəki “Maksimir” arenasında yerli “Dinamo” ilə görüşdə çempionumuz “Neftçi” topu üç dəfə qapısından çıxarmalı oldu. Məğlub haqda tənqidi fikir söyləməyin öz çətinliyi var. Çünki dərhal deyirlər ki, uduzublar, ona görə tənqid edirlər. Amma belə deyil, gəlin razılaşaq ki, bizim çempion Xorvatiya çempionuna iyulun 13-də yox, iyunun 20-də - püşkatmadan dərhal sonra uduzmuşdu. Niyə?

Niyəsi çox sadədir. Əgər baş məşqçi püşkatmadan danışanda birinci cümləsi “Bizə yaman çətin rəqib düşdü” olursa, o komandadan yaxşı nə gözləyəsən? Baş məşqçi Arif Əsədovun bu cür yanlış, başlıcası isə məsələyə qeyri-peşəkar yanaşması, hər şeydən əvvəl futbolçularda mübarizlik ruhunu öldürmüş, onlarda bu fikri yaratmışdı ki, uduzsalar da, onlara “gözün üstə qaşın var deyən” olmayacaq. Axı onlar güclü, çətin rəqibə uduzublar.

Görüşlə bağlı da ancaq qeyri-peşəkarlar o cür danışa bilərdi – penalti yox idi, rəqib simulyasiya etmişdi, toplar ofsayddan vuruldu və sair. Əsədov bu fikirlərini sonunda nida işarəsi olan “Biz yaxşı oynadıq” şüarı ilə bitirdi. “Biz yaxşı oynadıq” deməsindən onu başa düşmək olar ki, baş məşqçi 0:8 hesablı “Vidzev” rüsvayçılığının Zaqrebdə təkrarlanmamağına şükür edir.

“Artıq qrup mərhələsinə düşməyin vaxtıdır” - deyən klubun “sevimli” vitse-prezidenti Tahir Süleymanovun bu sözlərinin şirin nağıldan başqa bir şey olmadığı hələ əvvəldən məlum idi. Axı qrupa düşmək istəyən komanda onu nəyin gözlədiyini yaxşı bilməlidir – doğurdanmı Süleymanov elə düşünürdü ki, Çempionlar Liqasının və ya Avroliqanın qrup mərhələsinə bu heyətlə düşmək olar? Əgər “Neftçi” rəsmiləri güclü rəqib qarşısında yalnız 1 qapıçı transferi ilə işlərini bitmiş sayırlarsa, onda belə çıxır ki, mərhələ keçməyin onsuz da mümkün olmayacağını əvvəlcədən bildikləri üçün artıq xərcə düşmək istəməyiblər. Bu halda səs-küylü, saxta imic gətirən bəyanatlar kimə ünvanlanmışdı? İstənilən halda, bu fakt özü də məsələyə qeyri-peşəkar yanaşmanın təzahürüdür.

Xorvatlar hesabı 37-ci dəqiqədə açdılar – müdafiənin mərkəzində topu geri qaytara bilmədik və qapıçı ilə təkbətək çıxan Milan Badelj yeni transfer Saşa Stamenkoviçə şans yeri qoymadı. İvan Krstanoviç ikinci topu vuranda da rəqib oyunçu tam sərbəst idi. Ruslan Abışov cinah ötürməsinin qarşısını almaq əvəzinə seyrçi mövqedə idi, hərəkətləri ilə sanki rəqib oyunçunu müşayiət edirdi, hücumçunun zərbə endirməsinə imkan verməməli olan Rail Məlikov da üzərinə düşən vəzifəni yerinə yetirmirdi.

65-ci dəqiqədə penaltidən də topu qapımızdan Krstanoviç keçirdi. Hesab 3:0 olandan sonra Arif Əsədov Bahodir Nasimovu oyuna daxil etməklə, iki hücumçu ilə oynamağa qərar verdi. Nasimov da qol vurmaq əvəzinə sarı vərəqə almaqla diqqət mərkəzinə düşdü. Futbolçularımız demək olar ki, top uğrunda bütün mübarizəni uduzurdular. Rəqib oyunçulara yaxınlaşa bilmir, bu səbəbdən də xorvatlar tam sərbəst, ürəkləri istəyən kimi oynayırdılar.

Bu mövsümə Zaqreb “Dinamo”su UEFA-nın klub reytinqində 96-cı, “Neftçi” isə 386-cı sırada başladı. Nə qədər acı olsa da, ilk oyun da, oyunun nəticəsi də komandalar arasında həqiqətən də 290 pilləlik bir fərq olduğunu üzə çıxardı.

Pərviz Musayev
Lider TV