“Visla”dan “Streymur”adək və ya Rauf Əliyevin 343 günü
15.07.2011 - 11:35
“Visla”dan “Streymur”adək və ya Rauf Əliyevin 343 günü
Ağdamın “Qarabağ” klubunun futbolçusu Rauf Əliyev avrokuboklarda 2-ci qolunu vurub. Apasport.az saytının məlumatına görə, yığmamızın 22 yaşlı hücumçu növbəti dəfə Avroliqanın II təsnifat mərhələsində Farer adalarının “Streymur” klubu ilə səfər oyununda fərqlənib. Raufun 11-ci dəqiqə hesabı açdığı görüşdə komandası son saniyələrdə buraxdığı qələbəni əldən buraxıb.

Onun ilk qolu da Avroliqada olmuşdu ki, bu, ötən mövsüm baş verib. Söhbət III mərhələdə Polşanın Krakov şəhərini təmsil edən “Visla”ya Bakıda 3:2 hesabı ilə qalib gəldikləri cavab oyunundan gedir ki, Rauf onda 33-cü dəqiqədə hesabı 2:0 etmişdi. Ötən ilin avqustun 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdən 343 gün ötür. Hücumçu vurduğu qolla həm ümumi qələbəyə (3:2), həm də mərhələ keçməyə yardımçı olmuşdu.

Qeyd edək ki, 1994-cü ildən oynadığımız avrokuboklarda ən çox qol vuran futbolçularımız da “Qarabağ”ın üzvləridir. Bunlar da millimizin oyunçuları olan, hərəyə 5 qol vuran müdafiəçi Rəşad Sadıqovla yarımmüdafiəçi Əfran İsmayılovdur.


Mehman SÜLEYMANOV