Dolu Vaqif Cavadovun “Volqa”dakı “siftə”sini korladı
15.07.2011 - 11:46
Dolu Vaqif Cavadovun “Volqa”dakı “siftə”sini korladı
Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadovun oynadığı Rusiyanın “Volqa” klubu növbəti yoldaşlıq görüşü başa çatdıra bilməyib. Apasport.az saytının məlumatına görə, Premyer Liqanın debütantı olan Nijni-Novqorod təmsilçisinin Təl-Əviv “Hapoel”i ilə Avstriyadakı yoxlama oyunu 22-ci dəqiqədə hesab 0:0 olarkən yarımçıq dayandırılıb. Buna səbəb dolu yağması olub və belə hava şəraiti uzun müddət davam edib. Nəticədə futbolçular meydanı tərk edərək, paltardəyişmə otağına yollanıblar. Baş hakim isə məşqçilərlə birgə məsləhətləşərək, oyunu dayandırmağa qərar verib.

Vaqif “Volqa”nın əsas heyətində meydana çıxıb və bu, ilk dəfə olub. Göründüyü kimi, dolu Cavadovun yeni komandasında siftəsini korlayıb. Bu gün Avstriyanı tərk edərək, vətənə dönən Rusiya təmsilçisi artıq 2 gün I divizion təmsilçisi Yaroslavın “Şinnik” klubu ilə ölkə kubokunun oyununa çıxacaq. Futbolçumuzun Nij-Novqorod təmsilçisində rəsmi debütünü iyulun 17-də keçiriləcək həmin görüşdə gözlənilir.

Qeyd edək ki, “Volqa” Avstriyada yoxlama oyununda “Kopenhagen”ə uduzmuş (0:1), “Şeffild Uensdey”lə qolsuz bərabərliyə qalıb. 22 yaşlı hücumçu ilk oyunda son 15, növbəti görüşdə axır 20 dəqiqədə meydanda olub.