“Yuranın “Simurq”u çalışdırması ilə bağlı hələ konkret heç nə yoxdur”
15.07.2011 - 18:00
“Yuranın “Simurq”u çalışdırması ilə bağlı hələ konkret heç nə yoxdur”
“Komandamız gündə 2 dəfə olmaqla hazırlıq keçir. Hələlik məşqlərdə əsasən ötən mövsüm “Simurq”un formasını geyən futbolçular iştirak edirlər və baxışa yerli futbolçular gəliblər”. Bu fikirləri apasport.az saytına açıqlamasında Zaqatalanın “Simurq” klubunun məşqçisi Nizami Sadıqov deyib.

Ötən mövsüm makedoniyalı mütəxəssis Qyoko Hacıyevskinin rəhbərliyi altında Premyer Liqada çıxış edən və sonda 11-ci pilləni tutan “Simurq” reqlamentə əsasən elita ilə vidalaşıb. I divizionda iştirak etməli olan Zaqatala təmsilçisinin Premyer Liqadakı çıxışını davam etdirəcəyi də istisna deyil. Buna görə də komanda məşqlərini intensiv şəkildə “Şəfa”da davam etdirir.

Bu arada yayılan informasiyalar görə, “Simurq”u ukraynalı mütəxəssis Sergey Yuranın çalışdıracağı söylənilir. Lakin baş məşqçi səlahiyyətlərini yerinə yetirən sabiq qapıçı bunu nə təkzib, nə də təsdiq elədi: “Hələ konkret heç nə yoxdur. Bu klub rəhbərliyinin səlahiyyətində ola məsələdir. Komandaya hazırda məşqləri mən keçirəm. I divizionda, yoxsa Premyer Liqada oynayacağımız da dəqiq bilmirəm”.

Bir müddət əvvəl Şahin Diniyev İrana gedəcəyi təqdirdə köməkçi məşqçi kimi Sadıqovu da özü ilə aparacağını bildirib. Məsələnin nə yerdə olduğunu dəqiqləşdirmək istədikdə, Sadıqov qarşı tərəfdən cavab gözlədiklərini deyib: “Məsələ hələ açıq qalıb. Onlardan cavab gəlməyib. Təklif olsa, baxacağıq”.