Muammer Erdoğdu Azərbaycanda özünə yeni komanda tapdı
15.07.2011 - 16:37
Muammer Erdoğdu Azərbaycanda özünə yeni komanda tapdı
“5 gündür “Kəpəz”in düşərgəsindəyəm. Klub rəhbərliyi ilə demək olar ortaq məxrəcə gəlmişik və yeni mövsümə bu komandanın heyətində başlayacam”. Bu fikirləri apasport.az saytına açıqlamasında Gəcənin “Kəpəz” klubunun yeni transferi Muammer Erdoğdu deyib. Türkiyəli müdafiəçi ötən mövsümü keçirdiyi “Turan”dan çempionat başa çatdıqdan sonra getdi. Bundan sonra özünə yeni komanda axtaran Muammer istəyinə nail olub. Karyerasını ölkəmizdə davam etdirmək istəyən müdafiəçi artıq “Kəpəz”in məşqlərində iştirak edir.

Yeni komandası ilə yaxın günlərdə müqavilə imzalayacaq legioner yaradılan şəraitdən razı qaldığını deyib: “İyulun 18-də “Kəpəz”lə 1 il müddətini əhatə edəcək müqavilə imzalayacağam. Artıq bir neçə gündür burda məşq etdiyimdən şəraitlə tanış olmuşam. Hansısa problemin olduğunu deyə bilmərəm. Ortaq məxrəcə gəlmişiksə, deməli, burdakı şərait məni qane edir”.

Erdoğdu “Turan”ın da onu heyətində görmək istədiyini, ancaq anlaşa bilmədiyinə görə Gəncə təmsilçisini seçdiyini etiraf edib: “Turan” qalmağımı istəyirdi. Ancaq maliyyə şərtlərində ortaq məxrəcə gələ bilmədik. Ona görə də komandadan ayrıldım”.

“Kəpəz”in bu il daha güclü olacağına inandığını bildirən müdafiəçi tədricən buna nail olacaqlarını vurğulayıb: “Baş məşqçimiz Mehman Allahverdiyev təcrübəli mütəxəssisdir. Yeni heyət formalaşdırır. Yavaş-yavaş komanda nəyə qadir olduğunu ortaya qoyacaq. “Kəpəz”in bu il daha güclü olacağını deyə bilərəm”.