Arif Əsədov: Mənə və komandama ən çox təsir edən odur ki... - MÜSAHİBƏ
15.07.2011 - 17:30
Arif Əsədov: Mənə və komandama ən çox təsir edən odur ki... - MÜSAHİBƏ
Azərbaycanı Çempionlar Liqasında təmsil edən Bakının “Neftçi” klubunun baş məşqçisi Arif Əsədovun apasport.az saytına müsahibəsi

- Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü atıldı. Komandanız Zaqreb “Dinamo”sunu keçərsə, HİK (Finlandiya) – “Banqor Siti” (Uels) cütünün qalibi ilə görüşəcək. Püşkü necə dəyərləndirərdiniz?
- Hələ bundan əvvəlki püşkü təhlil edəndə, ən güclü rəqibin bizə düşdüyünü görmək olar. Ancaq mənə elə gəlir ki, bundan sonrakı mərhələdə oyunlar daha asan olacaq. Yəni fikrimcə, “Dinamo”nu keçsək, sonrakı rəqibin gücü indikindən qat-qat zəifdir.

- Bu, ilk növbədə ona görədir ki, “Dinamo”nun reytinqi yüksək olduğundan, “Neftçi” onun rəqibi kimi səpələnmişlər arasına düşüb. Ona görə də püşkdə münasib rəqiblər düşür...
- Elədir. Bu da oyunla bağlı olan şeylərdir. “Banqor Siti” ilə müqayisədə HİK-in adı daha tanışdır. Uels təmsilçisi elə də tanınmamış komandadır. Ancaq bu, istənilən halda, HİK-in daha güclü olması demək deyil. Bayaqkı fikrimə qayıdıram ki, bu, sadəcə olaraq reytinq məsələsinə görə daha güclü rəqiblə düşmüşük. Mənim fikrimcə, “Neftçi” daha yuxarıda olmağa layiq idi və bu zaman münasib rəqiblə düşə bilərdik.

- HİK ilk oyunda səfərdə 3:0 hesabı ilə qalib gəldiyindən, demək olar növbəti mərhələyə çıxıb. Yəni III mərhələyə çıxsaq, bu komanda ilə görüşəcəyik...
- HİK nə Zaqreb “Dinamo”su, nə də “Xəzər Lənkəran”ın rəqibi olan Təl-Əviv “Makkabi”sidir.

- Yəni “Dinamo”nu HİK-dən güclü sayırsınız?
- Bəli. Mən “Dinamo” ilə “Makkabi”ni HİK və “Banqor Siti”dən daha üstün sayıram. “Makkabi” “Xəzər Lənkəran”la oyunda səviyyəsini göstərdi. Ancaq klub kimi götürəndə Zaqreb “Dinamo”su daha üstündür. Onun 1 futbolçusunun 8-10 milyon avro qiyməti var.

- Əslində indiki püşk haqda “Dinamo”dakı həmkarınız Krunoslav Yurçiçin danışması daha rahat olardı. Çünki o, ilk oyunda 3:0 hesab qalib gəldiyindən, HİK-lə görüşməsi daha realdır. Siz bunun üçün Zaqrebdəki böyük hesablı məğlubiyyətinin əvəzini çıxmalısınız...
- Mənə və komandama ən çox təsir edən odur ki, hesab oyuna görə olmadı. Hamımız Zaqrebdəki görüşdən sonra bu qənaətə gəldik. Əgər rəqib bizdən aşkar üstün olsaydı, deyərdik ki, heç nə edə bilmədik. Sadəcə, səhvlərimiz nəticəsində sadə bir vəziyyətlərdən qollar buraxdıq. Biz nə taktiki, nə də oyun komponenti baxımından uduzduq. İlk qolu buraxdığımız 37-ci dəqiqəyə kimi “Dinamo”nun oyunu alınmırdı və hətta buna görə azarkeşləri onları fitə basırdı. Bizim isə bu müddətdə hesab açılana kimi 2 real qol imkanımız oldu. Öz qol vəziyyətlərindən istifadə etməyib, acınacaqlı məğlub olmaq adama təsir edir. Biz də başa düşürük ki, “Dinamo” çox güclü komandadır. Ancaq nəticə oyuna görə olmadı.

- Hələ ilk qoldan sonra, 42-ci dəqiqədə İqor Mitreskini Cavid Hüseynovla əvəzləməyiniz müzakirə obyekti oldu. Bunu riskə gedərək atdınız, yoxsa başqa səbəb var idi?
- Bu əvəzləməni məcburi etməli oldum. Çünki Mitreski zədə üzündən oyunu davam etdirə bilmədi. Onun hələ oyundan qabaq zədəsi vardı. Mətbuatda da bu haqda deyilmişdi ki, İqorla Rail Məlikovda zədə problemi var. Mən bu haqda açıqlama vermişdim.

- İqor köhnə zədəsini təzələdi?
- Yox. Onun köhnə zədəsi yox idi. Ayağındakı zədə düzəlmişdi. O da, Rail də komandanı çətin vəziyyətdən çıxarmaq üçün ağrı kəsici iynə ilə meydana çıxmışdı. Ancaq İqor matçın əvvəlində dizindən zədə aldı. Oyunun 10-cu dəqiqəsində “Dinamo”nun hücumçusu Krstanoviç Mitreskiyə qarşı kobud oynadı. İqor artıq həmin dəqiqə zədə alaraq, axsayırdı. O, ilk hissənin son dəqiqələrinə kimi çətinliklə oynayırdı. Axırda dizindəki zədə özünü göstərdi ki, nəticədə məcburi dəyişiklik etməli oldum. Bu zaman Cavidi meydana buraxmaqla, yerdəyişmələr etdim. Mitreskinin əvəzlənməsi taktiki gediş yox, sadəcə, zədə məcburiyyətdən atılmış addım idi.

- Railin 2-ci qolda səhvi oldu. O, rəqiblə mübarizədə uduzaraq, topun qapımıza keçməsinə əngəl ola bilmədi. Məlikovun zəif çıxışını zədəsi ilə əlaqələndirirsiniz?
- Deməzdim ki, bu, zədə ilə bağlı idi. Sadəcə, burda mövqe səhvi vardı. Ümumiyyətlə, buraxdığımız həm 1-ci, həm də 2-ci qolda mövqe səhvləri oldu. Bu epizodlarda müdafiədə kobud səhvlər buraxdıq. Bunu zədə ilə bağlamazdım.

- Komandamızın liderlərindən Flavinyodan çox şey gözləsək də, onun da oyunu alınmadı. Görünür, rəqib “Neftçi”ni yaxşı təhlil edərək, aparıcı legionerini meydanda zərərsizləşdirə bildi...
- Hər 2 komanda bir-birini təhlil etmişdi. Necə ki biz onlara komanda şəklində oyun qurmuşduq, hücumlarının qabağını alırdıqsa, “Dinamo” da bizə komanda şəklində mübarizə aparırdı. Ola bilsin ki, Flavinyoya xüsusi nəzarət edirdilər. Ancaq bunu ona qarşı fərdi oynamaqla bağlamazdım. Sadəcə, Flavinyo öz oyununu göstərə bilmədi. Belə matçlarda onun öz oyununu göstərmək üstünlüyü komanda üçün vacib idi ki, bu da alınmadı.

- “Xəzər Lənkəran” da 3 qol buraxsa da, komandanızdan fərqli səfərdə qol vura bildi. Bu, onun mərhələ keçmək şansını saxladı. “Neftçi”də Emil Mpenza kimi beynəlxalq oyun təcrübəsi böyük olan təcrübəli hücumçu olsa da, qol imkanlarını qaçırdı. Səfərdə qol vura bilməməyinizi nə ilə izah edərdiniz?
- Bunu etməmək o demək deyil ki, imkanlarımız olmayıb. Qol imkanlarına görə rəqibdən geri qalmadıq. Biz qapıya vurulan zərbələri təhlil etdik. Onların 7 zərbəsi olub, bizim 8. Dörd real qol imkanımız oldu. Künc zərbəsindən sonra Ruslanın qapıya zərbəsi qarşısı alınmaz idi. Sadəcə, “Dinamo”nun bəxti gətirdi. Top onun futbolçusunun sifətinə dəyərək, istiqamətini dəyişdi və qapıya düşmədi. Emilin zərbəsi zamanı top dirəyin düz yanından keçdi. Sonda Denis qol vura bilərdi, Flavinyonun bir zərbəsi qola yaxın oldu. Yəni bizim bəxtimiz gətirmədi və həmin gün sadəcə, bizim günümüz deyildi. “Dinamo”nun 3-cü qolu vurduğu zamanı qapımıza təyin edilən penalti zərbəsi ilə qərar şübhəli idi. Həmin epizodda simulyasiya görə Krstanoviçə görə 2-ci sarı vərəqə verilməli idi. Bu isə onda 2-ci olduğundan, qırmızı vərəqə alıb, meydandan çıxarılmadı.

- Təbii ki, məşqçi də avrokuboklarda debüt etdiyinizdən, belə acınacaqlı məğlubiyyət sizin üçün acınacaqlı oldu...
- Əlbəttə. Bu, futboldur. Hər bir məşqçi bu yolu keçib, bərkiməlidir. Mən “Neftçi”nin baş məşqçisi kimi çempionluğu yaşadım. Bu, qismətimiz idi ki, bizə daha güclü rəqib düşdü. Mən həmişə demişəm ki, insan bərkimək, yetişmək üçün çətin yol keçməlidir. İnşallah, bu təcrübə gələcəkdə bizə daha kömək olacaq.

- “Dinamo” ilə cavab oyununa 4 gün qalıb. Komandanı yaxşı hazırlamaq üçün ilk növbədə psixoloji durumdan çıxartmaq lazımdır. Qısa müddətdə bu çətin vəzifənin öhdəsindən gələ biləcəksiniz?
- Biz hələ oyun qurtarandan futbolçuları psixoloji cəhətdən hazırlamağa başladıq. Klub rəhbərliyi ilə birgə bu yöndə çalışırıq. Dünən Zaqrebdən qayıtdıq, bu gün yığıncağımız olacaq. Biz məğlubiyyətə görə azarkeşlərimizdən üzr istədik. Hələ 2-ci oyun da var. Bakıdakı cavab görüşündə elə layiqli oyun göstərməyə çalışacağıq ki, azarkeşlərimiz bizdən razı qalsın.

- Reallığını nəzərə alsaq, “Dinamo” kimi güclü rəqibə 0:3 hesabı ilə uduzandan sonra mərhələ keçmək şanslarınızı nə qədər qiymətləndirirsiniz?
- Biz meydana qələbə üçün çıxacağıq. Necə alınacağı oyun göstərəcək, Allah bilən məsləhətdir.

- Yəni hələ hər şey bitməyib və mübarizə qabaqdadır...
- Bəli. Biz ümidimizi itirməmişik və sona kimi mübarizə aparacağıq. Düzdür, reallıq da var ki, “Dinamo” asanlıqla 3 qol buraxası komanda deyil. Ancaq futbolda mümkünsüz heç nə yoxdur və biz meydana qalib gəlmək üçün çıxacağıq.

- Erkən qol vurmaqdan çox şey asılı olacaq...
- Düzdür. Erkən qolu vurmaq vacibdir. Hər şey oyunun gedişindən asılı olacaq. Oyunun necə başlamağından, alınmasından çox şey asılıdır. Ola bilər ki, ilk dəqiqələrdən qol vurasan, işin rahatlaşar. Yaxud da qol vura bilməyəsən, top qapıya getmədikcə, komanda ruhdan düşə, gərginlikdə ola bilər. Ancaq vaxtında vurulan qol kubok oyunlarında böyük əhəmiyyət kəsb edir.

Mehman SÜLEYMANOV