Bahodir Nasimov millidə dubl etdi
28.07.2011 - 17:58
Bahodir Nasimov millidə dubl etdi
“Neftçi” klubunun futbolçusu Bahodir Nasimov Qırğızıstanda fərqlənib. Apasport.az saytının məlumatına görə, Premyer Liqamızda debüt mövsümündə bombardirlər yarışında 2-ci olan 24 yaşlı hücumçu Özbəkistan yığmasının heyətində dubl edib.

Bu, 2014-cü il dünya çempionatının II seçmə mərhələsində Qırğızıstanla az öncə başa çatan cavab oyununda reallaşıb. Bişkekdə baş tutan görüşün 63-cü dəqiqəsində meydana çıxan Bahodir 2 dəqiqə sonra özünün ilk, komandasının ikinci qolunun müəllifi olub. Nasimovun 90-cı dəqiqədə vurduğu qol isə qırğızların darmadağınını rəsmiləşdirib.

Beləliklə, özbəklər ilk görüşdə olduğu kimi rəqibini yenərək, növbəti mərhələyə çıxıblar.

Qeyd edək ki, ötən həftə Daşkənddə keçirilən görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə nəticələnmişdi.