Rauf Əliyevin şərikli bombardirliyi
29.07.2011 - 09:24
Rauf Əliyevin şərikli bombardirliyi
“Qarabağ”ın futbolçusu Rauf Əliyev avrokuboklarda 3-cü qolunu vurub. Apasport.az saytının məlumatına görə, 22 yaşlı hücumçu növbəti dəfə Avroliqanın III təsnifat mərhələsi çərçivəsində Belçikada “Brügge” ilə səfər oyununda fərqlənib. Rauf 62-ci dəqiqədə hesab arasında fərqi minimuma endirsə də, meydan sahibləri bundan sonra daha 2 qol vuraraq, inamlı qələbə qazandılar – 4:1.

Hücumçumuzun ilk qolu da Avroliqada olmuşdu ki, bu, ötən mövsüm baş verib. Söhbət III mərhələdə Polşanın Krakov şəhərini təmsil edən “Visla”ya Bakıda 3:2 hesabı ilə qalib gəldikləri cavab oyunundan gedir ki, Rauf onda 33-cü dəqiqədə hesabı 2:0 etmişdi. O, vurduğu qolla həm ümumi qələbəyə (3:2), həm də mərhələ keçməyə yardımçı olmuşdu. Futbolçu cari mövsümdə Farer adalarının “Streymur” klubu ilə səfər oyununda da qol vurub. Əliyev iyulun 14-də keçirilən həmin görüşün əvvəlində hesabı açmışdı.

Göründüyü kimi, Rauf son 14 gündə Avropada 2 dəfə fərqlənir və hər 2 halda, buna rəqib meydanında nail olur. Özü də onun millimizin heyətində iyunun 3-də Qazaxıstan yığması ilə səfərdəki rəsmi oyunda zədələndikdən sonra uzun müddətə sıradan çıxacağı gözlənilirdi. Ancaq tezliklə sağalan hücumçu artıq ilk mərhələdə “Banqa” (Litva) ilə görüşdə “Qarabağ”ın heyətində idi.

Özü də Əliyev vurduğu qolla avrokuboklarda 2 həftəlik susqunluğumuza son qoydu. Belə ki, ötən həftə “Qarabağ”la yanaşı, “Xəzər Lənkəran” Avroliqada, “Neftçi” Çempionlar Liqasında cavab oyununda qol vura bilməmişdi.

Maraqlıdır ki, hər 3 görüş 0:0 hesabı ilə nəticələnmişdi. Bunadək avrokuboklarda son dəfə fərqlənən futbolçularımızdan biri də elə Raufun özü idi ki, bu, Farer adalarında olmuşdu.

Rauf komanda yoldaşları Rəşad Sadiqov və Vüqar Nadirov kimi klublarımızın qitə miqyaslı turnirin cari mövsümündə 2 qolla bombardirlər yarışında liderlik edir. Ancaq o, avrokuboklarda ümumi qolların sayına görə hərəyə 4 dəfə fərqlənən Rəşadla Vüqardan 1 addım geri qalır.

Qeyd edək ki, 1994-cü ildən oynadığımız avrokuboklarda ən çox qol vuran futbolçularımız da “Qarabağ”ın üzvləridir. Bunlar da millimizin oyunçuları olan, hərəyə 5 qol vuran müdafiəçi Rəşad Sadıqovla yarımmüdafiəçi Əfran İsmayılovdur.

Mehman SÜLEYMANOV