Daha 2 nəfər “Neftçi”dən ayrılır
29.07.2011 - 16:22
Daha 2 nəfər “Neftçi”dən ayrılır
“Neftçi”nin məşqçilər korpusunda dəyişiklər olacaq. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisinin baş məşqçisi Arif Əsədovun köməkçiləri Elmir Xankişiyevlə türkiyəli Mehmet Ak vəzifələrindən gedirlər. Əsədovun özünün istefası gündəmdədir və buna rəhbərlik qərar verəcək. Təbii ki, onun komandaya gətirdiyi köməkçilərin qalmağı məqsədəuyğun sayılmayıb.

Xankişiyev Əsədov hələ “Neftçi”nin əvəzedicilərini çalışdırarkən onun köməkçisi olub və birgə Azərbaycan çempionluğunu qazanıblar. Əsədov ötən il əsas komandanın sükanı arxasına gələndən sonra 37 yaşlı məşqçini yenidən özünə köməkçi götürdü.

Ölkəmizdə öncə “Qarabağ”da çalışmış Ak da gənc məşqçidir və o, fiziki hazırlığa cavabdeh idi. Türkiyəli ötən mövsüm qış fasiləsində “Neftçi”yə cəlb olunaraq, sonda çempion olan komandada yer almışdı.