“Hacı uşaq-zad deyil ki, gəlib “Lunapark”da Əsədovun istefasını gözləsin”
30.07.2011 - 11:33
“Hacı uşaq-zad deyil ki, gəlib “Lunapark”da Əsədovun istefasını gözləsin”
“Georgi Hacı ən azından 2-3 klubun canlı tarixidir”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi” klubunun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu deyib.

Paytaxt təmsilçisinin rəhbərliyi Arif Əsədovu baş məşqçi postundan kənarlaşdırınca, ölkə mətbuatında komandanın “sükanı arxasına” əfsanəvi rumıniyalı Georgi Hacının keçəcəyi barədə xəbərlər dolaşdı. Hətta “Karpat Maradona”sının “ağ-qaralar”ın bazasına baş çəkib rəhbərliklə danışıqlar apardığı, amma sonda tərəflərin razılığa gələ bilməməyi bildirildi.

Bu məlumatları dezinformasiya adlandıran Əşrəfoğlu bildirib ki, Hacı nəinki dünən klubun bazasında, heç yaxın keçmişdə Azərbaycanda olmayıb: “Hər bir mətbu orqan öz səviyyəsinə uyğun xəbər yazır. Hacı adlı-sanlı futbolçu olub, bu, faktdır. Düzdür, məşqçilikdə hansısa uğur qazana bilməyib. Komandamız isə əfsanəvi futbolçu ilə heç vaxt danışıq aparmayıb. Belə olan təqdirdə, Hacı bizim bazaya necə gələ bilər? O, uşaq-zad deyil ki, gəlib “Lunapark”ın çayxanasında oturub, Əsədovun istefa verməsini gözləsin”.