Bir gün Tahir Süleymanova da qapını göstərəcəklər...
30.07.2011 - 12:05
Bir gün Tahir Süleymanova da qapını göstərəcəklər...
Həmişə gileylənirik ki, mətbuat ictimai rəy formalaşdıra bilmir, cəmiyyətə istiqamət verməyi bacarmır. Bəs Tahir Süleymanovu kim “Neftçi”nin vitse-prezidenti elədi, cənablar? Biz! Böyükağa Hacıyevi baş məşqçi postuna kim gətirib? Yenə biz! Gileylənməyin yeri yoxdur...

Böyükağa Hacıyev, bu gün, uzağı sabah “Neftçi”nin baş məşqçisi kimi işə başlayacaq, buna heç şübhəniz olmasın. Məqsədimiz onun bu posta layiq olub-olmamasını müzakirə etmək deyil. Hacıyev o adamlardandır ki, vəzifəyə yolun həm də mətbuatla xoş münasibətlərdən keçdiyini yaxşı başa düşür. Onu “Zəif” adlandırırlar, amma Hacıyev güclü siyasətçidir.

Özü də Tahir Süleymanovdan fərqli daha səmimidir. Hacıyev işləyəndə də, işsiz olanda da jurnalistlərlə salam-əleykü kəsməyib, onlarla münasibətləri korlamayıb. Süleymanovun isə istəyinə çatan kimi üzü döndü. Onun vaxtilə ölkədə saatlarla telefonla danışmadığı jurnalist qalmamışdı. Bayram günlərində Süleymanovdan bəzəkli mesajlar gələrdi. “Neftçi”nin vitse-prezidenti kimə zəng vurur indi? Daha həmin şablon mesajları da görmürük. Yox, onun daha telefondan asılı qalmağa ehtiyacı yoxdur. Məqsəd vəzifə əldə etmək idi, ona da nail olub. Nəyinə lazımdır telefon danışıqlarına pul xərcləmək?

Eybi yox, bir gün Tahir süleymanova da qapını göstərəcəklər. Yenə telefonlarımız susmayacaq. Biz susacağıq...

Hacıyevin son aylar adı müxtəlif klublarla yanaşı çəkilirdi. Elə bilirsiz təkliflər ard-arda düzülmüşdü? Qətiyyən! Hamısını jurnalist dostlar düzüb-qoşurdu. Hərdən adama elə gəlirdi ki, ölkədə başqa mütəxəssis yoxdur. Budur, bu da nəticəsi! Gözlənilməz təyinat baş tutdu. Futbol ictimaiyyətində kimin ağlına gələrdi ki, Böyükağa Hacıyevi “Neftçi”nin baş məşqçisi təyin edəcəklər? Bizim ağlımıza gəlmişdi...

futbol365.az