Toni Adams: İnanıram ki, bu turnir bizim üçün faydalı olacaq
30.07.2011 - 13:03
Toni Adams: İnanıram ki, bu turnir bizim üçün faydalı olacaq
“İnanıram ki, bu turnir bizim üçün faydalı olacaq”. Apasport.az saytının Qəbələyə ezam olunmuş əməkdaşının məlumatına görə, bu sözləri “Qəbələ” klubunun baş məşqçisi Toni Adams deyib.

Növbəti mövsüm üçün iddiası artaraq, çempionluq uğrunda mübarizə aparacaq qəbələlilər hazırlığın əsas hissəsini Londonda keçirdilər. İngilis mütəxəssis komandasını vətənindən gətirdikdən az sonra yenidən oyuna çıxaracaq.

Bu, Qəbələdə təşkil olunan 1-ci “Jalə” Beynəlxalq Futbol Turniridir və Adamsın yetirmələrinin növbəti çempionatın startına 1 həftə qalmış son sınağı həmin yarış olacaq.

“Qəbələ”nin çalışdırıcısı bu turniri komandası üçün yetərincə vacib sayır: “Komandamızın oyun təcrübəsini artırmaq cəhətdən burada keçiriləcək matçlar çox vacibdir. Digər tərəfdən, belə turnirin təşkil edilməsi həm ölkədə futbolun inkişafı, həm də Qəbələ şəhərinin tanıdılması cəhətdən vacibdir”.

Qeyd edək ki, “Qəbələ”də Londonda İngiltərənin aşağı divizion təmsilçiləri ilə 5 yoxlama oyunu keçirib. Bunun 3-də qalib gələn komandamız 1-də heç-heçə edib, yalnız “Barnet”ə yduzub – 0:1. Adamsın yetirmələri Qəbələdəki turnirdə ilk oyununu bu gün saat 18:00-da Gürcüstanın “Dila” klubu ilə keçirəcək. Görüşün qalibi sabah finalda Gəncə “Kəpəz”i ilə oynayacaq.

Mehman SÜLEYMANOV
QƏBƏLƏ