“Dila” finala çıxdı, baş məşqçisi narazı qaldı
30.07.2011 - 19:37
“Dila” finala çıxdı, baş məşqçisi narazı qaldı
“Mən futbolçularımdan razı qalmadım. Onlar bu gün istədiyim oyunu göstərmədilər”. Apasport.az saytının Qəbələyə ezam olunmuş əməkdaşının məlumatına görə, bu fikirləri I “Jalə” Beynəlxalq Futbol Turnirinin finalına çıxan Gürcüstanın “Dila” klubunun baş məşqçisi Georgi Setadze deyib.

Qəbələdə keçirilən yarışda eyniadlı komandaya 3:1 hesabı ilə qalib gələn Qori təmsilçisi sabah finalda “Kəpəz”lə görüşəcək. Ancaq gürcü çalışdırıcı qələbə qazandığı oyunda komandasından narazı qalıb: “Dila” 3 ildən sonra yüksək liqaya qayıdıb. Heyətimiz əsasən gənc futbolçulardan təşkil olunub. Yüksək liqada yaxşı çıxış etmək üçün bir neçə təcrübəli futbolçu cəlb etmişik. Ancaq komandamızın bu gün göstərdiyi oyun məni qane etmədi. Biz çempionatda daha yaxşı oynamalıyıq”.

“Qəbələ” əsas futbolçularını qoruyaraq, bu gün əsasən əvəzedici, az oynayan, təcrübəsiz gənc futbolçulara şans verdi. Əlbəttə, bu “Dila”nın finala çıxmaq işini xeyli asanlaşdırdı. Ancaq nə qədər qəribə görünsə də, Setadze rəqibin bu heyət seçimindən məmnun qalmayıb: “Mən bu gün “Qəbələ”nin əsas komandası ilə oynamağı gözləyirdim. Əsas heyətlərlə oynamaq haqda razılıq əldə olunmuşdu. Mən mövsüm öncəsi güclü rəqiblə qüvvəmizi sınamaq, yetirmələrimi “Qəbələ”nin əsas heyəti ilə görüşdə yoxlamaq istəyirdim. Ancaq bununla onlardan gileylənmirəm. “Qəbələ” çox gözəl turnir təşkil edib və bizi dəvət edərək, burada iştirakımız üçün şərait yaradıb. Mən buna görə “Qəbələ”nin rəhbərliyinə minnətdaram”.

Mehman SÜLEYMANOV
QƏBƏLƏ