“Rusiya millisi ilə düşməyimiz yaxşı oldu”
31.07.2011 - 15:59
“Rusiya millisi ilə düşməyimiz yaxşı oldu”
“Qəbələ” klubunun və Azərbaycan yığmasının müdafiəçisi Mahir Şükürovun apasport.az saytının Qəbələyə ezam olunmuş əməkdaşına müsahibəsi

- Əvvəlcə turnir barədə fikirlərini bildirərdiniz...
- İlk növbədə bu cür turnir təşkil etdiyinə görə, klub rəhbərliyinə təşəkkürümü bildirirəm. “Dila” ilə keçirilən matçda meydana əvəzedici komandanın üzvləri, eləcə də ehtiyat oyunçular çıxmışdılar. Baş məşqçi əsas heyət üzvlərini bu görüşdə meydana buraxmadı. Bunun da bir neçə səbəbi var idi. Həm yol gəlmişdik, uşaqlarda yorğunluq var idi, eyni zamanda zədə almaq ehtimalımız “yox” deyildi. İngiltərədəki havanın hərarəti ilə bura eyni deyil. Çempionatda yaxşı olacağına inanıram. Ümumi götürdükdə, hazırlığımız normaldır.

- Amma turnir Qəbələdə təşkil edildiyindən azarkeşlər sizdən fərqli çıxış gözləyirdilər. Uğursuzluğunuzun səbəbini nə ilə izah edə bilərsən?
- Düzdür, bu amil nəzərə alınmalı idi. Gənclərimizin zəif çıxış etməsi məni təəssüfləndirdi. Onlara üzərlərində işləməyi məsləhət görürəm. Yəni kənardan atmacalara, sözlərə əhəmiyyət verməsin. Belə turnirində qələbə vacibdir. Ancaq futbolda hər cür vəziyyətlə barışmalı olursan.

- Komanda kənardan necə görünürdü?
- Biz çempionata hazırlaşırıq. Ona görə də qarşıdakı yarışa ciddi yanaşmalıyıq. Fikrimcə, ilk oyunda uşaqlarımızda bir az təcrübəsizlik çatmadı. Həm də Gürcüstan təmsilçisi komanda şəklində yaxşı oynadılar. Bizdə isə fərdi oyun üstünlük təşkil edirdi.

- Çempionatın startına bir həftə qalıb. Amma turnir bir daha onu göstərdi ki, “Qəbələ” hələ tam hazır deyil. Bu fikirlə razılaşırsınızmı?
- Komanda 80 faiz hazırdır. Qalan 20 faizi isə çempionatın gedişində tamamlayacağıq. Fikrimcə, çempionat zamanı problem olmayacaq.

- “Qəbələ” transfer dövründə daha çox yığmanın üzvləri ilə güclənməyə üstünlük verdi. Necə düşünürsünüz, “Qarabağ” modeli” burda nəticə verəcəkmi?
- Bunu zaman göstərəcək. İndidən nəsə deməyin yeri yoxdur. Ancaq komandada millinin üzvlərinin sayının çox olmasını arzulayıram. Bu addımın effekt verib-verməməsinə gəldikdə, bunu qazanacağımız nəticələr göstərəcək.

- Yeni futbolçular komandaya adaptasiya ola bilibmi?
- Yoldaşlıq oyunları zamanı bu dərəcədə yaxşı olacağını gözləmirdim. Sanki çoxdandır ki, bir komandada çıxış edirik təsiri bağışladı. Başqa komandalara nisbətən daha güclü olacağıq.

- İngiltərə keçirdiyiniz yoldaşlıq oyunlarından biri istisna olmaqla, hamısında qapınızdan qol buraxdınız. Bunu nə ilə izah edə bilərsiniz?
- Qolları öz səhvimizdən buraxdıq. Anlaşılmazlıq oldu, qol vurdular. Çalışacağıq ki, çempionat oyunlarında bu cür səhvlərə yol verməyək. Yoldaşlıq oyunlarını məhz səhvləri görmək və aradan qaldırmaq üçün keçirirlər.

- Bir ara hazır olmadığına görə, yığmaya çağırılmamağın üçün millinin baş məşqçisi Berti Foqtsa müraciət etmişdin. Bəs indi necə, oynamağa hazırsınız?
- Bəli, hazıram. Çanla-başla milliyə kömək etməyə özümdə güc hiss edirəm.

- Avqustun 10-da Makedoniya ilə yoldaşlıq oyunu keçiriləcək. Bu oyun barədə nə deyə bilərsiniz?
- Ağır oyun olacaq. Qələbə qazanmaq istəyirik ki, qarşıdan Qazaxıstan və Avstriya ilə rəsmi oyunlarımız gəlir, həmin matçlara yaxşı hazırlaşaq. Var gücümüzü meydanda qoyub, nəyə qadir olduğumuzu sübut edəcəyik.

- Artıq DÇ-2014-ün püşkü atılıb və yığmamızın rəqibləri müəyyənləşib. Rəqiblər haqda fikrini bilmək maraqlı olardı...
- Portuqaliya, Rusiya, İsrail güclü komandalardır. Əsas da Rusiya ilə düşməyimiz yaxşı oldu. Çünki ötən tsikldə onlarla Bakıda heç-heçə oynamışdıq. Matçdan sonra çox adam Rusiyanın qəsdən zəif oynadığını iddia edirdi. İndi biz sübut edəcəyik ki, bu oyunla bağlı heç bir danışıq olmayıb. O ki qaldı Portuqaliyaya, onlara qarşı da oynamaq olar. İndi elə vaxtdır ki, bütün komandalara qarşı oynamaq, mübarizə aparmaq mümkündür.

- Millimiz bu qrupda neçə xal toplaya bilər?
- Proqnoz vermək istəmirəm.

- İlk oyunu hanası yığmaya qarşı keçirməyimizi istəyirsən?
- Lüksemburqla qarşılaşsaq, daha yaxşı olar.

- Avqustun 7-də “Qəbələ” Premyer Liqanın I turu çərçivəsində “Bakı” ilə qarşılaşacaq. Rəqib də çempionluq uğrunda mübarizə aparır və heyətini gücləndirib. Sizcə, start necə olacaq?
- “Bakı”ya hər zaman hörmətlə yanaşmışam. Onlar da bizim kimi yeni komanda qurublar. Qələbə qazanmağa istəyirlər. Biz də doğma meydanda oynayacağımız üçün azarkeşlərimizi sevindirməliyik. Çünki fanatlarımız “Qəbələ”ni avrokuboklara vəsiqə qazanmasının şahidi olmayıblar. Onlara bu sevinci yaşatmaq istəyirik. Mövsümə doğma meydanda başlamağımız da yaxşı oldu.

- “Qəbələ”nin konkret məqsədi nədir?
- Bilirsiz, əksər klublar deyir ki, məqsədimiz çempion olmaq, Avropa Liqasına vəsiqə qazanmaqdır. Ancaq biz heç nə demirik. Məqsədimizin nədən ibarət olduğunu oyunumuzla sübut edəcəyik. Yalandan nəsə deyə bilmərəm.

- Yəqin ki, rəhbərlik nəticə ilə bağlı öz mövqeyini açıqlayıb...
- Onlar mükafatçılar sırasına düşməyimizi istəyirlər. Biz də inşallah, bunun öhdəsindən gəlmək istəyirik. Real gücümüzü nəzərə alsaq, bunun öhdəsindən gələ biləcəyimizə inanıram.

Mehman SÜLEYMANOV
QƏBƏLƏ