“Səfərdə Portuqaliya və Rusiyadan xal ala bilərik”
01.08.2011 - 12:01
“Səfərdə Portuqaliya və Rusiyadan xal ala bilərik”
“Türkiyə toplanışından yenicə qayıtmışıq. Bu gündən etibarən milli komanda bir araya gəlib. Dəvətlilər sırasında yer aldığımdan, 3 günlük toplanışda iştirak edirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında AZAL-ın kapitanı Aqil Nəbiyev deyib.

Azərbaycan yığması avqustun 10-da Makedoniyaya qarşı yoxlama matçının hazırlıqlarına başlayıb. Baş məşqçi Berti Foqts Avropa Liqasında mübarizəni davam etdirən "Qarabağ"ın oyunçuları istisna olmaqla, düşərgəyə 24 futbolçu cəlb edib.

Nəbiyev bildirib ki, kollektivdə əhval ruhiyyə yaxşıdır: "Təlim-məşqdən yeni qayıtsaq da, milli komandanın hazırlığında səylə çalışırıq. Çünki yığmanın formasını geyinmək hər bir futbolçu üçün şərəf və əlavə üstünlükdür. Makedoniya ilə görüş yoxlama xarakterinə malik olsa da, nəticə qazanmaq istəyirik. Çünki xalqımızın qələbəyə ehtiyacı var".

2 gün öncə 2014-cü il dünya çempionatının seçmə mərhələsindəki rəqiblərimiz müəyyənləşib. Azərbaycan millisi F qrupunda Portuqaliya, Rusiya, Şimali İrlandiya, İsrail və Lüksemburqla mübarizə aparacaq. Futbolçunun fikrincə, səfər və ev oyunlarında bu rəqiblərin hamısından xal qoparmaq mümkündür: “Çoxu Lüksemburq adını görüb, zəif qrupa düşdüyümüzü deyir. Amma, zənnimcə, biz güclü qrupda mübarizə aparacağıq. Qrupun favoritləri sayılan Rusiya və Portuqaliyadan, eləcə də, digər komandalardan həm evdə, həm də səfərdə xal ala bilərik. İstərdim ki, həmin seçmə mərhələnin görüşlərində də iştirak edim. Biz bu seçmə mərhələdə maksimum xal qazanmalıyıq".

Nəbiyev AZAL-ın çempionatdakı hədəflərindən danışıb: "Məqsəd çempionluq və kuboku qazanmaqdır. Rəhbərliyin bu arzusunu həyata keçirmək üçün var qüvvəmizlə çalışacağıq".

Qeyd edək ki, 4 ildir AZAL-ın şərəfini qoruyan Aqil iki ildir kapitan sarğısını daşıyır.