Ernandes, Falkao və Nadirovun fərqi
01.08.2011 - 14:13
Ernandes, Falkao və Nadirovun fərqi
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFFS) bu il beynəlxalq miqyasda ən çox qol vuran oyunçuların siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, 70 nəfərlik siyahıya vurduğu 13 qolla “Mançester Yunayted”in meksikalı hücumçusu Xavyer Ernandes başçılıq edir. Gənc futbolçu bu qolların 10-u millinin heyətində, 3-ünü klubda Çempionlar Liqasında vurub.

“Porto”nun kolumbiyalı hücumçusu Falkao da bir o qədər fərqlənib. Ancaq fərq ondadır ki, Avroliqanın qalibi, bombardiri millidə 3, klubda 10 qola imza atıb. Qurum isə yığmada vurulan qola üstünlük verdiyindən, Ernandes 1-ci yerdədir.

Siyahıda 7 qolla 14-cü olan “Bavariya”nın və Almaniya yığmasının hücumçusu Mario Qomes bunun 1-ə Bakıda millimizə 3:1 hesabı ilə qalib gəldikləri rəsmi oyunda imza atıb.

Bu il futbolçularımızdan beynəlxalq oyunlarda ən çox qol vuran Vüqar Nadirovdur. İyunda 3 dəfə fərqlənən gənc hücumçu bunun 2-ə oynadığı “Qarabağ”ın heyətində Avroliqanın I təsnifat mərhələsində Litvanın “Banqa” klubu ilə səfər görüşündə (4:0) imza atıb. Vüqarın millidə yeganə qolu Qazaxıstan yığması ilə səfər oyununda (1:2) reallaşıb. Ancaq İFFHS ən azı 5 qol vuran futbolçuların siyahısını açıqladığından, Nadirov ora düşməyib.