Filip Şarplaz: Qəbələdə saldığımız ot örtüyü soyuq zonaya aiddir
01.08.2011 - 15:06
Filip Şarplaz: Qəbələdə saldığımız ot örtüyü soyuq zonaya aiddir
“Azərbaycanda idman oyunları üçün ot örtüyünün salınması təcrübəsi yoxdur. Lakin biz nəyi necə etməli olduğumuzu yaxşı bilirik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ” stadionunda təbii örtüklü meydançaların salınmasına və ota düzgün qulluq edilməsinə başçılıq edən ingiltərəli Filip Şarplaz deyib.

Ötən mövsüm ev oyunlarını süni örtüklü meydançada keçirən, “Qəbələ” artıq yeni çempionatda təbii ot örtüyündən istifadə edəcək. Belə ki, klub rəhbərliyinin göstərişi ilə əsas meydançasının süni örtüyü təbii otla əvəzlənib, üstəlik əlavə 3 məşq meydançası salınıb.

Həqiqətən də kənardan tamaşa edərkən efirdən görüb valeh olduğumuz meydançalar artıq “Qəbələ”nin bazasında var. İngiltərəli mütəxəssis burada ot örtüyünə qulluq etməklə yanaşı, yerli mütəxəssislərin hazırlanmasına da başlayıb: “Əsasən qolf meydançalarının salınmasına nəzarət etmişəm. ABŞ-da, İspaniyada, İngiltərədə çalışmışam. Uelsdəki 120 min tutumu olan məşhur “Millenium” stadionunun qazonu mənim rəhbərliyim altında salınıb. Ot yetişdirilməsi ilə bağlı 10 il İngiltərədə dərs demişəm. Qəbələdə saldığımız ot örtüyü soyuq zonaya aiddir. Çünki bu rayon dəniz səviyyəsindən yüksəklikdə yerləşir. Qış burada sərt keçir. Eyni zamanda yerli mütəxəssislərin hazırlanması istiqamətində də işlər görürük. Artıq 3 köməkçim var. Onların bu sahə üzrə Azərbaycanın ən yaxşı mütəxəssisləri olacağıana əminəm”.